General-mayor Hüseyn Mahmudov: "Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir"
“Ermənistan silahlı qüvvələri müvəqqəti humanitar atəşkəs rejimindən sui-istifadə edib, 18 oktyabr saat 00:00-dan bir neçə dəqiqə keçmiş Cəbrayıl və Hadrut istiqamətində mövqelərimizə hücum etdilər”.
Bu açıqlamanı Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə səsləndirib.
Hüseyn Mahmudovun sözlərinə görə, Ermənistan ordusu eynilə Füzuli-Ağdərə istiqamətlərində də hücuma keçiblər: “Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular”.
Onun sözlərinə görə, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir.
Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, oktyabrın 18-də gün ərzində Azərbaycanın 5 rayonu 229 mərmiyə hədəf olub: “Ermənistanın davam edən hərbi hücumları nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə, mülki obyektlərinə 24000-ə yaxın mərmi atılıb, 1046 ev dağılıb, 1063 ev zərər çəkib, bir sıra digər mülki obyektlər də dağıdılıb”.
Hikmət Hacıyev deyib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi yeni ərazilərin ələ keçirilməsi ilə bağlı absurd iddialar irəli sürürüb: “Bu kimi addımlar təbii ki, sülh danışıqlarının və münaqişənin dinc yolla həll olunmasının üzərindən xətt çəkirdi. Reallıq bir daha göstərir ki, Azərbaycan tərəfi təhlükə altındadır, Ermənistan yox. Çünki Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı məqsədyönlü raket hücumları həyata keçirir. Məhz buna görə də Azərbaycan əhalisi təhlükə qarşısındadır. Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan rəhbərliyi müvəqqəti humanitar addımlarla bağlı atəşkəsə sadiqdir. Lakin Ermənistan tərəfinin davam edən təxribatları bizi vadar edir ki, öz əhalimizin, dinc sakinlərimizin təhlükəsizliyini təmin edək”.