Məhkəmədə zərərçəkən və şahidin ifadələri üst-üstə düşməyib
12 yanvarda Naxçıvan şəhər Məhkəməsində AXCP üzvü Hicran Qasımovun məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkən və şahid dindirilib. Bu barədə H.Qasımovun xanımı Səadət Qasımova Meydan TV-yə məlumat verib. Qadın deyib ki, zərərçəkənlə şahidin ifadələri arasında ziddiyyətlər yaranıb. “ Zərərçəkən Elvin Əliyev dedi ki, Hicran mənə 2 yumruq zərbəsi vurdu. Şahid Nail Məmmədov dedi ki, Hicran dirsəyi ilə zərbə endirdi. Şahid deyir ki, Hicran oğlanı maşında vurdu, zərərçəkən deyir ki, Hicran maşını saxladı məni döydü. Hicran and içdi ki, nə mən onları vurmuşam, nə də onları məni”-Səadət Qasımova deyir.
Hicran Qasımov Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur.
Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini bildirir.