”Hicab məhbusu”na yenidən hökm oxundu

“Bu hadisədən əvvəl ona əfv yazmaq təklif olunub”

Source:
2017-ci ildə Bakının Suraxanı rayonundakı Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi-Zəhra məscidində Aşura mərasimi
2017-ci ildə Bakının Suraxanı rayonundakı Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi-Zəhra məscidində Aşura mərasimi


“Bu hadisədən əvvəl ona əfv yazmaq təklif olunub”

2012-ci ilin oktyabrında Təhsil Nazirliyi qarşısında hicaba qadağaya etiraz olaraq aksiya keçirdiyinə görə həbs olunan və 6 illik cəzasının başa çatmasına bir neçə gün qalmış “yastığın altında biz saxlama” ittihamıyla haqqında yenidən cinayət işi başlanan Telman Şirəliyevə hökm oxunub. Dekabrın 20-də Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyilə çıxarılan hökmə əsasən, T.Şirəliyevə daha 5 ay 18 gün azadlıqdan məhrumetmə cəzası verilib. O, Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsilə təqsirli bilinib.

Bu maddədə maksimum cəza 6 ay həbsdir.

T.Şirəliyevin yaxınları Meydan TV-yə bildirib ki, onun yatağından biz tapılması barədə ittiham saxtadır:

“Bu hadisədən əvvəl ona əfv yazmaq təklif olunub. O isə imtina edib. Çünki heç bir cinayət törətməyib, günahsız həbs olunub. Bundan sonra onun yatağından biz tapılması əməliyyatı qurulub. Məqsəd bu cür saxta ittihamlarla Telman Şirəliyevin həbsdən çıxmasının qarşısını almaqdır. Birinci hökmdə olduğu kimi, bu hökm də tam qanunsuzdur”.

Yaxınları bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.

T.Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında “Hicaba azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı həbs olunub. 2013-cü il iyunun 5-də onun 6 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Hicab aksiyasına görə ümumilikdə 35 nəfər həbs olunmuş, onlara 1 il 6 aydan 6 ilə qədər həbs cəzası verilmişdi.

Ana səhifəXəbərlər”Hicab məhbusu”na yenidən hökm oxundu