Vəkil: “Hansı səbəb üzündən onlara qarşı belə bir addım atıldığını bilmirik.
16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hicab məhbuslarından 5 nəfər qara maskalılar tərəfindən “Tubzon” (“vərəm zonası” mənası verir) kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinə aparılıb. Bu barədə “İslamin Sesi”nə vəkil Zaman Səmədov məlumat verib.
Vəkilin sözlərinə görə, məhbusların hansı səbəb üzündən dispanserə aparıldığı bilinmir.
Vəkil hazırda məhbusların valideynləri ilə sözügedən həbsxanaya gəldiklərini söyləyib: “Penitensiar Xidmətin Binə qəsəbəsindəki vərəm dispanserindən bizə heç bir məlumat vermədilər. Hansı səbəb üzündən onlara qarşı belə bir addım atıldığını bilmirik. Bu gün qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətə müraciət edə bilmədik. Həftənin birinci günü Penitensiar Xidmətin rəhbərliyinə ərizə ilə müraciət edərək görüş üçün vaxt alacağıq. Yalnız bundan sonra hadisənin hansı üzdən baş verdiyini dəqiq deyə biləcəyik”.
“Tubzon”a aparılan məhbusların oktyabr ayının 5-də həbs edilən inanclı məhbuslar olduğu bildirilir. Aparılan məhbuslardan bir neçəsinin adları məlum olub. Məhbusların adlarının Ağadadaşov Tərlan, Telman, Rövşən, Davud olduğu bildirilir.