Yeni Zuvand kəndinin sakinləri mal-qaralarını otarmağa yer tapmır
“Harda boş ərazi gördülər, fındıq tingləri əkirlər. Kənddə mal-qaramızı otarmağa yer qoymayıblar. Halbuki, bu kəndin sakinlərini ayaqda saxlayan əkinçiliklə yanaşı, həm də maldarlıqdır”.
Masallının Yeni Zuvand kəndinin sakinləri örüş yeri kimi istifadə etdikləri ərazilərin əllərindən alınaraq fındıq sahələrinin salınmasından və başqa sosial problemlərdən şikayətçidilər.
Kənd sakini Anar Əlinağıyev deyir, kənddəki əhalinin sayı azı 10 min nəfərdir. 400-dən çox ailə təsərrüfatı var. Hər həyətdə azı 10-12 iribuynuzlu heyvan saxlanılır. Ancaq bir müddətdir ki, heyvanları otarmağa yer tapmırlar:
“Hökumət hər yerdə fındıq əkir. Meşəlik əraziləri hasarlayıblar. Heyvanları ora buraxmırlar. Yem baha olduğu üçün məcburuq ki, heyvanlarımızı sataq. Onsuz da acından öləcəklər. Bəs sonuncu ümidi olan heyvanı satan kəndli havayla dolansın? O heyvandan süd, qatıq, qaymaq, nehrə yağı əldə edirik, satıb çörək alırıq”.
Sakinin sözlərinə görə, problem təkcə fındıq tingləri deyil. Kəndin yetərincə başqa sosial problemləri var. Məsələn, 3 il əvvəl kənddə təməli qoyulan təzə məktəbin tikintisi heç yarıya da çatmayıb:
“Hökumət tikinti materialları ayırıb, verib ki, məktəbi tiksinlər. Ancaq taxtasından tutmuş şiferinəcən hamısını satıb pulunu yeyiblər. Hansını deyim, hansını sayım?”
Anar Əlinağıyevin gileylərini kənd sakini Elsevər Abbasov davam edir:
“Tibb məntəqəsi tikiblər, içinə avadanlıqlar da yığıblar, gəl ki, həkim yoxdur. Məntəqənin qapısı gecə-gündüz qıfıllıdır. Sanki görüntü üçün tikilib. Yolu Güllütəpəyə qədər çəkib gətiriblər, ordan bu tərəfə asfalt tökməyə ya əriniblər, ya da xəsislik ediblər. Qaz məsələsi də ki, ümumxalq dərdinə çevrilib. Elə deyirlər, “bu il olacaq, gələn il olacaq”. Hələ də çəkilməyib”.
Sakinin deməsinə görə, 2011-ci ildə kənd sakinlərinə yolların asfaltlanması üçün 10 min manat toplamalarını təklif ediblər. Kəndlilər razılaşmayıb.
Masallı Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, kəndlilər mal-qaralarını meşə qoruğunda otarırlarmış:
“Meşə qoruğunda mal-qara otarılması qadağandır, ağacların kəsimi cinayətdir, bilirsiz. Əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısı alır. Mal-qara otarmaq üçün örüş sahələri var, getsinlər orda otarsınlar. Bəli, meşə zolağında palıd, fındıq ağacları əkilir. Meşədə ağac əkilər”.
İcra hakimiyyətindən onu da bildiriblər ki, kəndlər növbəli qaydada qazlaşdırılır. Yollara gəlincə, Yeni Zuvandın yollarına vaxtaşırı çınqıl töküldüyü bildirilir.