Heyvan haqları fəalının saxlanıldığı bildirilir

Source: Meydan Tv

Heyvan haqları fəalı Elxan Mirzəyevin saxlanıldığı bildirilir.

AzadlıqRadiosunun yazdığına görə, bu barədə fəalın yaxınları məlumat verib.

Onların sözlərinə görə, Elxan Mirzəyev oktyabrın 1-də, axşam saatlarında 7-8 mülki geyimli şəxs tərəfindən yaşadığı Lerik rayonu, Günəşli kəndindəki evindən aparılıb.

Elxan Mirzəyev 10 ildən çoxdur heyvan haqları fəalıdır. O, və daha bir neçə heyvan haqları fəalı sahibsiz itlərin küçələrdə güllələnməsi şikayəti ilə Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdıqları məhkəmə iddiası ilə gündəmə gəlmişdilər.

Bundan başqa heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Onlar iddia edib ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. 2021-ci ildə Elxan Mirəyev həmin aksiyalara görə 15 sutka həbs olunub.

Bundan sonra "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin iki əməkdaşı Elxan Mirzəyev də daxil olmaqla bir neçə heyvansevər fəal barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib. Məhkəmə həmin fəalları cərimələyib.

Yaxınları deyir ki, Elxan Mirzəyev saxlanılarkən onun həyat yoldaşının telefonu da polis tərəfindən götürülüb. Evdə videoçəkiliş aparılıb və bundan sonra E.Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyi fəalın saxlanması ilə bağlı məlumat yaymayıb.

Ana səhifəSiyasətHeyvan haqları fəalının saxlanıldığı bildirilir