Heyvan haqları fəalı Elxan Mirzəyev 2 ay müddətinə inzibati qaydada həbs olunub.
Bu barədə Mirzəyevin yaxınları AzadlıqRadiosu-na məlumat veriblər.
Elxan Mirzəyev İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq narkotik maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi və s.) maddəsiylə təqsirli bilinir.
Elxan Mirzəyev oktyabrın 1-də, axşam saatlarında 7-8 mülki geyimli şəxs tərəfindən yaşadığı Lerik rayonu, Günəşli kəndindəki evindən aparılıb.
Elxan Mirzəyev 10 ildən çoxdur heyvan haqları fəalıdır. O, və daha bir neçə heyvan haqları fəalı sahibsiz itlərin küçələrdə güllələnməsi şikayəti ilə Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdıqları məhkəmə iddiası ilə gündəmə gəlmişdilər.
Bundan başqa heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Onlar iddia edib ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir.
2021-ci ildə Elxan Mirəyev həmin aksiyalara görə 15 sutka həbs olunub.Bundan sonra "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin iki əməkdaşı Elxan Mirzəyev də daxil olmaqla bir neçə heyvansevər fəal barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib. Məhkəmə həmin fəalları cərimələyib.
Elxan Mirzəyev oktyabrın 6-da ailəsi və vəkili ilə əlaqə saxlaya bilib.
Ailəsinin verdiyi məlumatda qeyd edilir ki, Mirzəyev özünü təqsirli bilmir və o çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti verəcək.
Elxan Mirzəyev xaricdə yaşayan bloger Tural Sadıqlının xalasıoğludur.