İlham Əliyev, yoxsa atası? Hansı daha yaxşı idarə edib? Birmənalı olaraq, heç biri. Amma desək ki, kim daha pis idarə edib, bu, daha çətin sual olar. Çünki biri daha pisdirsə, biri daha yaxşı deyil, sadəcə az pisdir. Azərbaycan bu günləri böyük çətinliklərlə yaşayır. Bu bizim ölkəmiz üçün cari anlamda mövcudluq tarixi, ləyaqət savaşıdır.
Amma nədənsə yenə dünyanın yükü Atlantın çiynindədir. Şir dərisi geyinməsə də, şir ürəyi yeməsə də, Atlant kimi çiynini tarixin bu ağır yükü altına vermiş dostlarıma tanrıdan əzm və dözüm diləyirəm. Fəqət bütün bunlar bəs edirmi? Təbii ki, yox.
Heydər Əliyev diktatordur, yoxsa onun davamçısı? Xatırlamadığım bir Şərq müdriki deyib ki, ilanın hər tərəfi ilandır, amma o bir yeri ilə sancır. Ona görə də, biz bu diktaturanı bir ilana bənzətsək, siz özünüz onun başını, bədənini ayırd edin. Amma bu da bizim tariximizin bir reallığıdır ki, İlham Əliyev Azərbaycanda dövlət başçısıdır. Atasının kürsüsündə oturub və onu özünə müqəddəs miras sayır. Amma mən yenə də onunla atasını müqayisə edənləri ehtiyatlı olmağa çağırıram. Söhbət diktaturadan, hüquq tapdamaqdan, can almaqdan gedirsə, biri başqasından daha qabiliyyətli deyil, daha qəddar ola bilər.
Heydər Əliyev Azərbaycanın yayını sıxmağa başlamışdı. Sadəcə İlham Əliyev zaman etibarı ilə bu yayın daha sərt sıxıldığı dövrdə rəhbər oldu. İnsan haqlarına, yaşamaq hüququna münasibətdə isə cəmi bir faktı deyə bilərik ki, Azərbaycan AŞPA-ya üzv olmağa hazırlaşarkənhazırlanan bir hesabata görə ölkədə 720-dən çox siyasi məhbus vardı. İlham Əliyev hələ atasının bu rekordunu qıra bilməyib. Biz isə onun hakimiyyətə ikinci gəlişinin xroniki analitikasını sizə təqdim etməyə çalışacağıq.
Onun gəlişi çoxumuzun həyatında unudulmaz ağrılarla izlər buraxıb. Amma bütün Azərbaycana baxanda biz banklara, parklara, saraylara boylanan heykəlləri görürük. Mənim nəzərimdə o öz heykəllərini quran istedadsız bir heykəltaraşdır. Beləliklə, 1991-dən 2002-ci ilə kimi sürətli baxışlarla, daha az pisin daha çox pisə ötürdüyü hakimiyyət bu gün müasir yadelli işğalçı kimi davrandığı xalqımız hansı psixoloji təzyiqlər, zəhərlənmələr nəticəsində indiki hala düşüb.
“Özünü yatmışlığa vurmuş xalq yatan xalqdan daha təhlükəlidir” Qandi bu fikirlərlə tarixdə nə qədər gəlmiş-getmiş xalqın portretini cızıb, demək çətindir, amma o çərçivəyə bizim qədər oturan, uyğun olan xalq yəqin ki, bir də elə hind xalqı olub. Ona görə də, mənim düşüncəmə görə xalqımız onu maarifləndirmək istəyənlərə acıqlıdır. Çünki nəyin necə baş verdiyini bilir. İndi onu başqa sualın ardınca aparıb təşkilatlandırmaq lazımdır.
P.S. Bu məqalə Azərbaycanın 1991-2002, 2002-2014-cü illərindən bəhs edən “Antiqayıdış” sənədli filminin ssenarisidir. Ardı var…