Heykəl baba

Məktəb illəri, 90-ların sonu, ədəbiyyat dərsi

Source:
Bilal Həsənov
Bilal Həsənov
Bilal Həsənov banner
Bilal Həsənov banner

Məktəb illəri, 90-ların sonu, ədəbiyyat dərsi. Mövzu Məhəmməd Hüseyn Şəhriyar və onun məşhur “Heydər Babaya salam” poemasıdır. Qısa qeyd, məlum poema 1954-cü ildə yazılıb və Təbriz yaxınlığında, daha dəqiq Xoşgidab kəndində yerləşən Heydər Baba dağına ithafdır.

Ədəbiyyat müəllimimiz bir xeyli poema, şair barəsində danışıb nitqini təzəcə bitirmişkən, arxa partadan titrək bir şagird əli havaya qalxdı. Dərsin bitməyini bildirən zəngə az qalırdı.

Bu şagird oxumayan, amma dərslərdə sakitcə oturan birisi idi. Adətən başını aşağı salıb əzik-büzük dəftərində cızma-qara etməklə günləri yola verərdi. Elə müəllimlərdə onun mülayimliyinə, dinməzliyinə üç yazıb sinifdən sinifə ötürərdilər. Və bu məktəbli indi əlini qaldırıb, müəllimin susqun razılığı və təəccüb dolu baxışının müşayiəti ilə ayağa qalxıb, bir azca utancaq və şübhəli səslə soruşdu.

-Müəllim, Şəhriyar o vaxt hardan bilirdi ki, Heydər baba gəlib prezident olacaq?

Sorulan sualın absurdluğundan şoka düşən müəllimin və məsələnin nə olduğunu anlayan 8-ci sinif uşaqlarının gur gülüşləri fonunda dırıltılı məktəb zəngi çalındı. Sonralar bu hadisə məktəbə yayıldı və uzun illər həm müəllimlər, həm də şagirdlər arasında lətifə kimi öz həyatını yaşadı.

Həə, mənim əziz və hörmətli həmvətənlərim, cənablar və xanımlar, günəşli ölkənin gündəyməz insanları, di keçək əsas mətləbə.

Bugünlərdə Almaniyada yaşayan soydaşımız, repçi-rokçu-musiqiçi Əli Camal “Heykəl baba” klipini “Youtube”-da paylaşdı. Sonrasını isə onsuz da özünüz bilirsiniz.

Bilirsiniz deyəndə, müraciətimi az-çox, pis-yaxşı bu ölkənin gündəmi ilə maraqlanan, vətəndaş mövqeyi göstərən və sosial şəbəkələrdə aktivliyi ilə seçilən balaca çevrəyə ünvanlayıram. Bu akademik çevrənin insanlarını deyə bilmərəm, amma ilk dəfə klipə qulaq asanda, mən heç nə anlamadım. Yalnız musiqinin ritmini bəyəndim. Əlimi ürəyimin üstünə qoyub, tam səmimi etiraf edirəm, repin sözlərini beşinci dəfədən anlamağa başlamışam.

Sonra məlum oldu ki, Camal bəy, öz klipi ilə demə ölkə başçısına sataşıb ki, bu üzdən dövlət orqanı nümayəndələri klipin “Youtube”-dan silinməsini ondan tələb edirlər. Bu xəbərdən sonra, tənbəllik eləməyib mahnıya bir daha qulaq asdım ki, görüm bəlkə bu dəfə nə isə anladım. Və həmən yazının əvvəlində qeyd etdiyim sinif yoladaşım yadıma düşdü.

İndi fikirləşəndə məktəb yoldaşıma yazığım gəlir. Zavallı özü bilmədən avtokratiyanın qurbanı olmuşdur.

Çünki istənilən avtokratiya rejimli məmləkətlərin bünövrəsi şəxsiyyətə pərəstişdir.

“Şəxsiyyətə pərəstiş” anlamı MDB ölkələrinə Sovetlərdən qalan mirasdır. Bu termini ilk dəfə dillərə salan Xruşev olmuşdur. 1956-cı ildə özünün SSKP-in XX-ci, qapalı keçən qurultayında, Stalinə qarşı ünvanlanmış məşhur məruzəsində.

Lakin bu anti-Stalin kampaniyası nələrə gətib çıxardı?

Xruşevdan sonra gələn Leonid İlyiç heç də Stalindən geri qalmırdı. Düzü, Brejnev fərqli üslubu seçmişdir. Onun şanına deyilən təriflər şəxsiyyətə pərəstiş yox, bir növ hörmətli yoldaş Leonid İlyiçə qarşı qayğı və diqqətin növü idi.

Əslində isə bu cür qayğıkeşlik ondan asılı olan nomenklatura tərəfindən tirajlanırdı. İfrat tərif və uydurulmuş qəhrəmanlıqlar, lazımsız medallarla təltif olunma, uzun-uzadı, gurultulu alqışlar, sonda qocalıb, əldən düşmüş birinci katibi gülməli vəziyyətə qoymuşdur. Xalq arasında onun haqqında yüzlərlə lətifə gəzirdi. Brejnev şəxsiyyətinə olan həssaslığının zibilinə düşüb gülüş, parodiya, zarafat, məzə və lətifələr qəhrəmanına çevrilmişdir.

Məmləkətimiz əsrin dörddə birində müstəqil olmasına rəğmən, hələ də Qoqolun təbirincə desək, Sovetlərdənqalma şinelini əynindən ata bilməyib. Bu azmış kimi, apardıqları “şəxsiyyətə pərəstiş” siyasəti də səriştəsizdir.

Repçinin yaydığı videonu min cür yozmaq olar. Yenə də təkrar edirəm, akademik çevrənin insanları anlaya bilməyən sözləri, cümlələri adi vətəndaşların başa düşməsi gülməlidir.

“Heykəl baba”!

Ölkədə o qədər heykəl var ki, Nəsimidən tutmuş Nizamiyə, Sabirin heykəli qarışıq üzü Teslaya qədər. Baba da ki, Heydər baba dağından ta Şaxta Baba qarışıq, Xıdırzın babaya qədər. Yəni ki, repçiyə videonu sildirmək istəyənlər özlərini yandırmasa idi, həmən o repə vur-tut beş-altı adam baxardı . İndi isə video “Youtube”-da qan edir. Hələ mən paylaşmaları demirəm.

Bu illər ərzində total savadsızlaşmış, təhsildən və kitabdan uzaq düşmüş kütləyə sovet stilində “şəxsiyyətə pərəstiş” siyasətini kustar üsulla yeritmək bir şey deyilmiş. Artıq bundan istifadə edən məddahlar, yaltaqlar sürüsü yaranıb. Qoluna mərhum prezidentin avtoqrafını döymə etdirməkdən tutmuş, maşında yol polisindən qurtulmaq üçün onun şəkilini saxlayanlara qədər.

Çox güman repçinin məsələsində də yuxarılardan təltif almaq, siyasi elitadan xal qazanmaq istəyənlər düşmüşdür ortalığa.

Ümumdünya innovasiyaları erasında, sosial şəbəkələrin, internetin və virtual dünyanın, qazetləri, jurnaları sıxışdırıb yoxa çıxardığı bir dövrdə, bu cür xırda qığılcımlara sərt münasibət onların əleyhinə işləyəcək. Bu gün Camal rep yazacaq, sabah populist birisi layk yığmaq naminə gizli kontekstlə cizgi filmi çəkəcək, daha sonra isə başqası…və bu, zəncirvari üsulla, domino prinsipi ilə davam edəcək.

Bir sözlə, hər qığılcımı söndürmək təşəbbüsü bəzən daha böyük alovlar yaradır.

Ana səhifəMənim FikrimcəHeykəl baba