Həyətində muzey açan tarixçi


30 il eksponat yığan Akif Məmmədli muzeyini qeydiyyatdan keçirə bilmir

“…Tunc qılıncdı. Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun mütəxəssisləri ilə müəyyən etdik ki, orta tunc dövrünə aiddir. Yəni, belə çıxır ki, eramızdan əvvəl 2-ci minilliyə aiddir. Özündə 4 min ilin tarixini daşıyır. Bunun tapıldığı ərazi Qanıq cayının sayılində Şörəkət çöl adlanan ərazidir. Tarixdən də bilirik ki, eramızdan əvvəl 65-ci ildə Roma qoşunları ilə Alban qoşunları arasında ən ciddi döyüşlər Qanıq çayı sahilində baş verib. Bu silahda həmin şamdan da o ərazidə tapılıb”.

Bunu tarixçi-etnoqraf Akif Məmmədli deyir. Balakəndə yaşayan tarixçı uzun illərdir topladığı qədim əşyaları bir yerə yığaraq həyətində muzey yaradıb. Haqqında danışdığı qılınc da muzeyinin ən qiymətli eksponatlarındandı.

Ev-muzeyin bir hissəsi acıq havada yerləşir. Yaşı min illərlə ölçülən dulusçuluq məmulatları, taxtadan hazırlanmış qablar, heybələr diqqəti cəlb edir. Akif Məmmədli yığdığı əşyalar haqqında danışmağı da çox sevir. Bütü göstərib deyir: “Bu büt Katex çayının sahilindəki qədim qəbristanlığın ərazisində tapılıb. Ümumiyyətlə, Katex çayı ətrafı ərazi ən qədim insanların ilk oturaq əkinçiliyə başladıqları dövrdən etibarən məskun olduğu bir ərazidir. Təxminən 8 min ildən 3 min ilədək dövrü əhatə edir”.

Muzeyində tarix sanki danışır. Qədim insanın çapacağından tutmuş, sapand daşına, geyim nümunələrinə, işlətdiyi qab-qacağa, hətta şamdana qədər hər bir nümunəyə bu muzeydə rast gəlmək olur. Hər biri haqda da müsahibimiz həvəslə danışır: “Bunun 3 min il və bəlkə də daha çox tarixi olduğunu göstərir üzərindəki işləmələr. Öz dövrünə görə son dərəcə nəfis elementlərlə bəzədilməsi”.

Tarixçi-etnoqraf təxminən 30 il ərzində bu əşyaları toplayıb və hələ də toplamaqda davam edir. Hazırda onun muzeyində 2500-ə qədər eksponat var. Eksponatların yaşı 30-40 min il bundan əvvəldən başlayıb, ta 19-cu əsri əhatə edir.

Akif Məmmədlinin ən böyük arzusu yaratdığı muzeyin qeydiyyata alınmasıdır. Dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ancaq ruhdan da düşməyib: “19-cu əsrin ortalarında Şeyx Şamilin oğlu Qazi Məhəmmədin Muxağa gəlməsi haqqında burada yazılır. Daha sonra İlusu sultanı Danyal sultanın İstanbula getdiyi göstərilir. Başqa bir cümlədə isə 1863-cü il Rusiyanın burda apardığı xristianlaşdırmaya qarşı üsyana rəhbərlik edən Hacı Murtuz haqqında qeyd var”.

Akif Məmmədlinin ev-muzeyinə əsasən tarixçilər, etnoqraflar gəlir. Əsrlərin səslərini özündə daşıyan muzey günün istənilən saatı hər kəsin üzünə açıqdır. Həm də pulsuz.

Ana səhifəVideoHəyətində muzey açan tarixçi