“Heyət üzvlərinin xilas olma şansları demək olar ki, yoxdur”
Saxalində yanvarın 25-də Yapon dənizi sahillərinə yaxın ərazidə Rusiyanın 21 nəfər heyəti olan “Vostok” adlı balıqçı gəmisi itkin düşüb.
Məlumatı yayan “Svoboda” radiosu
bildirib
ki, gəmi heyətinin bütün üzvləri Saxalin sakinləridir.
Məlumata əsasən, dənizdə üç xilasedici jilet tapılıb. Gəmi itən yerdə suyun temperaturu sıfırdan yüksək deyil.
Bölgədə fırtına xəbərdarlığı elan edilib. İnformasiyada deyilir ki, dənizçilərin xilas olmaq üçün demək olar ki, şansları yoxdur.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Primorsk vilayəti üzrə idarəsinin məlumatına əsasən, gəmi ilə əlaqə saxlamaq cəhdləri boşa
çıxıb.
Hadisə yerinə FHN və Müdafi Nazirliyinin helikopterləri göndərilib, həmin ərazidə üzən gəmilərə xəbərdarlıq edilib.
BBC-nin Azərbaycan xidmətinin verdiyi məlumata əsasən, gəmi heyətində iki nəfər azərbaycanlı olub.
Bunu Saxalin vilayətinin dispora təşkilatının sədri Nazir Hətəmov deyib. Onun sözlərinə görə, əslən Mübariz Hüseynov Salyan, Ruslan Əlizadə isə Kürdəmir rayonundandır.
Nazir Hətəmov deyib ki, hazırda Saxalin vilayətində hava şəraiti çox pisdir.
Gəmi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yollanırdı.