“Həyətə gələn yol polisləri qardaşımı döyüb şöbəyə apardı, cərimələdi”

Gəncə Şəhər Yol Polisi İdarəsinin rəhbərliyi və adları çəkilən əməkdaşları hələ də cəzasız qalıb.

Source: Specify Source


Gəncə sakini deyir, iki aydan çoxdur ki, Gəncə prokurorluğu şikayətçi olduğu yol polisləri ilə bağlı araşdırmanı yekunlaşdıra bilmir

“İki aydır ki, Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin rəisindən, rəis müavinindən, digər əməkdaşlarından şikayət etmişik, hələ də nəticə yoxdur”.

Gəncə sakini Elyar Hüseynov Meydan TV-yə danışır ki, bu il aprelin 18-də Gəncənin yol polis idarəsinin rəisi, müavini və iki əməkdaşı onun yaşadığı ünvana gələrək qardaşı Yəhyanı döyüblər, ailəyə məxsus “Niva” markalı avtomobili cərimə meydançasına aparıblar.


“Qapını təpikləyir, yumruqlayırdılar”

“Aprelin 18-də axşam saat 9 radələrində evimizin qapısı təpikləndi, yumruqlandı. Qapını açdıq, məlum oldu ki, Gəncə şəhərinin yol polis idarəsinin əməkdaşıdır. Dedi, rəis şəxsən özü gəlib, səni 15 sutkalıq həbsə göndərəcək, maşını da cərimə meydançasına… Bunu eşidən xəstə atamın halı pisləşdi, çarpayıya uzandırdım, yardım göstərdim, eyvana çıxanda gördüm, yol polisləri ailəmizə məxsus olan “Niva”nı əhatəyə alıblar, qapılarını dartışdırırlar. Mənim başım atama qarışanda qardaşım da məsələni aydınlaşdırmaq üçün aşağı düşmüşdü”, – Elyar Hüseynov deyir.


“Qardaşımı döydülər, idarəyə aparıb cərimələdilər”

Onun sözlərinə görə, polislər qardaşı Yəhyanı döyüb:

“Gələnlər idarənin rəisi Rəhim Zalov, müavini Ramin Fətullayev və idarənin İlkin, Nural adlı polisləri olub. Qapımızı təpikləyib, yumruqlayan da elə Nural idi. Əvvəl qardaşıma bildiriblər ki, sənlik bir iş yoxdur, get, qardaşın gəlsin, söhbətimiz onunladır. Qardaşım da aralanıb ki, bloka girsin, arxadan təzədən çağırdılar. Dedilər, sən özün də gəl otur maşına, bizimlə şöbəyə gedəcəksən. Qardaşım etiraz edəndə tökülüşüb döydülər, qollarını burdular, bunu görən qonşular həyətə tökülüşdü, qardaşımı polislərin əlindən aldılar. Post-patrul maşını gəldi, qardaşımı maşına mindirib apardılar. Maşını isə evakuatora mindirib cərimə meydançasına götürdülər. Atam ürək xəstəsidir, dediyim kimi, həmin vaxt vəziyyəti ağırlaşmışdı və mənə həyətə düşməyə imkan vermədi”.

Yəhya Hüseynov xırda xuliqanlıqda təqsirləndirilərək 50 manat cərimələnərək idarədən sərbəst buraxılıb. Aldığı xəsarətlərlə bağlı müayinədən keçib və xəsarətləri qeydə alınıb.

Elyar Hüseynov deyir, baş verənlərdən sonra atası üçün təcili yardım briqadası da gəlib.


“İddia yalan, protokol saxta…”

Elyar Hüseynova avtomobili etibarnaməsiz idarə etdiyi üçün 40 manat cərimə yazılıb. Deyir, avtomobili bir Bakı sakinindən alıblar, etibarnamə atasının adınadır, onda isə mülki etibarnamə var, o, ümumiyyətlə, avtomobili idarə etməyib:

“Məndə sürücülük hüququ verən etibarnamə olmadığına görə maşını heç vaxt idarə etməmişəm, yol polisi məni şərləyib. Üstəlik, maşını həyətdən cərimə meydançasına aprelin 18-də aparıblar, ancaq protokol aprelin 19-da tərtib olunub, bu da qanunsuzdur, saxtakarlıqdır”.

image_from_ios (3).jpg
Elyar Hüseynovun Gəncə Şəhər Prokuroru Azad Qarayeva ərizəsi

Elyar Hüseynov, qardaşı Yəhya Hüseynov və atası Elman Hüseynov baş verənlərlə bağlı Gəncə Şəhər Prokurorluğuna şikayət ediblər. Elyar Hüseynov deyir, hadisənin üstündən iki ay keçməsinə baxmayaraq, Gəncə Şəhər Yol Polisi İdarəsinin rəhbərliyi və adları çəkilən əməkdaşları hələ də cəzasız qalıb.


“Prokurorluq işi yekunlaşdıra bilmir”

“Prokurorluq öz işini görüb, bizim, qonşuların, qarşı tərəfin izahatlarını alıb. Ancaq prokurorluqdan bizə deyilənə görə, Daxili İşlər Nazirliyinə məktub göndərilsə də, qurumun müvafiq idarəsi araşdırma aparmaq üçün hələ də Gəncəyə gəlməyib. Buna görə də prokurorluq işi yekunlaşdırıb qərar qəbul edə bilmir”, – şikayətçi deyir.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən deyilənləri təkzib ediblər. Cərimə proptokoluna gəlincə, bildiriblər ki, vətəndaşın cərimədən şikayəti varsa, məhkəməyə müraciət edə bilər. İdarədən başqa məlumat verilməyib.

Gəncə Şəhər Prokurorluğundan isə araşdırmaların davam etdiyi bildirib və suallar cavabsız qalıb.

Elyar Hüseynovsa deyir, bir neçə gündür ki, protokolu əldə edə bilib və cərimənin ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

Ana səhifəBölgə“Həyətə gələn yol polisləri qardaşımı döyüb şöbəyə apardı, cərimələdi”