Zövqar Qocayev 1992-94-cü illərdə hərbi texnikanın istehsalı, təmiri və quraşdırılması ilə məşğul olub. Buna görə də 1997-ci ildə Heydər Əliyevin tapşırığı ilə ona Şərifli küçəsi, 2593-cü məhəllədə ev tikmək üçün 6-6.5 torpaq sahəsi verilib. Ancaq Qocayevin dediklərinə görə, 2013-cü ildə Nizaməddin Məmmədov adlı şəxs torpaq sahəsini ondan almaq istəyib. Satmaq istəmədiyini bildirdikdə isə Nizaməddin Məmmədov deyib ki, icra hakimiyyətində tanışları var. Onların köməyi ilə evi əlindən alacaq. Bu söhbətdən bir müddət sonra Zövqar Qocayev oğlunu müalicə üçün Tehran şəhərinə aparıb, qayıdanda isə torpağın bir hissəsinin əlindən alındığını görüb.
Zövqar Qocayev müxtəlif qurumlara şikayət edib. Ancaq heç bir nəticəsi olmayıb. O, iddia edir ki, yazdığı məktublar prezidentə çatdırılmır. Şikayətçi deyir ki, Nizami Rayon İcra Hakimiyyətidə çalışanlar Nizaməddin Məmmədova havadarlıq edirlər. Zövqar Qocayev onu da bildirir ki, 6 dəfə dövlət nəzarət şöbəsində Eldar Nuriyevin qəbulunda olub. Aparılan yoxlamalar zamanı torpaq səhəsinin qaytarılması ilə bağlı qərar qəbul edilib. Lakin heç bir nəticəsi olmayıb. Torpaq sahəsi əlindən alınan Zövqar Qocayev xarici ölkələrdən sığınacaq istəyib.
Nizami rayon İcra Hakimiyyətindən isə məsələyə aydınlıq gətirmək istəyən yoxdur. Dəfələrlə əlaqə saxlamağımıza, sual ünvanlamağımıza baxmayaraq, müxtəlif bəhanələrlə cavab verməkdən imtina etdilər. Dövlət orqanlarından əli üzülən Zövqar Qocayev isə çıxış yolunu ölkədən getməkdə görür.