”Qabırğama təpiklə vurdular, 3 ay nəfəs ala bilmədim”
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda Əli Hüseynovun vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin vəkilin yanında əyləşməsi barədə vəsatət verib:
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında dəfələrlə qeyd olunur ki, şəxsin şüşə qəfəsə salınması onun ləyaqətini alçaldır və şəxsdə özünə güvəni sarsıdır. Ə.Hüseynov hələ təqsirləndirilən şəxs sayılmır. Mən müdafiə etdiyim şəxslə məsləhətləşmək istəyirəm, ancaq bunun üçün şərait yoxdur. Gərək hər dəfə ağzımı və ya qulağımı şüşə qəfəsə yaxınlaşdıram. Bu, düzgün deyil”.
Dövlət ittihamçısı Əli Əliyev vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məhkəmə prosesinin audio və video çəkilişlə aparılmasına icazə verilməsi barədə vəsatət verib:
“Bu iş ictimai maraq doğurur. Məhkəmə iclas katibinin bütün deyilənləri protokola yazması mümkün deyil. Sonda hadisələrə düzgün qiymət verilməsi və işə obyektiv baxılması üçün xahiş edirik ki, məhkəmə prosesinin audio və video çəkilişlə aparılmasına icazə verəsiniz”.
Sədrlik edən hakim bu vəsatəti də təmin etməyib:
“İclas protokolları ilə bağlı narahat olmayın. Nə düşməsə, sonra deyərsiniz, əlavə olunar”.
Vəkil Ş.Hümbətova buna cavab olaraq bildirib ki, o, bütün məhkəmə prosesini yadında saxlaya bilməz:
“Sonra necə deyim?”. Sədrlik edən hakim bir daha vəsatətin təmin olunmadığını bildirib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Dövlət ittihamçısı Z.Mikayılov və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmaqda, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməkdə, terrorçuluğa açıq çağırışlar etməkdə, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etməkdə, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməkdə, dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə və milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmada ittiham olunduqlarını deyib. Bundan başqa, R.İsmayılov və C.Əliyevə əlavə olaraq narkotik vasitələrin satışı ilə bağlı ittiham irəli sürülüb.
Daha sonra sədrlik edən hakim təqsirləndirilən şəxslərdən onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Təqsirləndirilənlərin hamısı özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər.
Zülfiqar Mikayılov özünü qətiyyən təqsirli bilmədiyini söyləyib:
“Silahı kim qoyubsa özləri günahkardır”.
Elman Ağayev isə bildirib ki, özünü yox, onu tutub işgəncə verənləri təqsirli bilir.
Elxan Həsənov da özünü təqsirli bilmir. Deyir, onları tutanları bura salmaq lazımdır.
Vəkil Bəhruz Bayramov təqsirləndirilən şəxslərin üzərlərindən tapıldığı iddia olunan silahların istehsal olunduğu zavoda sorğu göndərilməsi barədə vəsatət verib: “Hesab edirik ki, tutulan şəxslərin üzərlərinə və evlərinə silahları, aparan orqanın əməkdaşları qoyublar. Bunu sübut etmək üçün həmin silahların istehsal olunduğu zavoda sorğu göndərilməlidir ki, o silahları hansı ölkənin hüquq-mühafizə orqanı sifariş verib və silahlar hansı orqana verilib. Belə bir hal Azərbaycan məhkəmə təcrübəsində olub. Belə ki, tanınmış jurnalist Elmar Hüseynovun ölümü ilə bağlı işdə müəyyən etdilər ki, o silahları hara istehsal edib və kimə verib. Ona görə də işin obyektiv araşdırılması üçün xahiş edirik ki, silahların istehsal olunduğu Rusiya Federasiyasının Tula şəhərində yerləşən silah zavoduna sorğu ilə müraciət olunsun. Bu zaman müəyyən olunacaq ki, o silahlar hansı orqana verilib”.
Vəkil Akif Əliyev də vəsatəti dəstəkləyib. Burada silahların qanunsuz dövriyyəsindən söhbət getdiyini deyib:
“O silahların əldə olunma mənbəyi bilinməlidir. “Zibillikdə tapılıb” – sözünü qəbul etməli deyilik. Ona görə də hesab edirəm ki, vəsatət əsaslıdır və təmin edilməlidir”.
Dövlət ittihamçısı hələ sübutların tədqiq edilmədiyini deyərək, vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə eyni əsasla vəsatəti baxılmamaış saxlanılıb.
Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermələri təklif olunub. Yalnız Eldar Bünyatov ifadə verməyə razı olub. Digərləri isə hələ ifadə vermək istəmədiklərini deyiblər.
Nardaran əməliyyatı zamanı işgəncə nəticəsində yataq xəstəsi olan Əbülfəz Bünyatovun əmisi Eldar Bünyatov ifadə verərək, ittihamların saxta olduğunu deyib:
“Mən 1952-ci ildən Nardaranda yaşayıram. Rusun dövründə də orada yaşamışam, əsgərlikdə də olmuşam. 28 il dövlət işində çalışmışam. 1990-cı ildə müstəqillik əldə etdik. O müstəqilliyin əldə edilməsində, Şəhidlər Xiyabanında şəhidlərin dəfnində iştirak etmişəm. Bunu təsdiq edə biləcək diri şahidlər var. 1994-cü ildə Heydər Əliyev Nardarana gəlmişdi. H.Əliyevin ayağının altında qurban kəsmişik. Mən icra nümayəndəsi işləmişəm. Nardaranda H.Əliyevin göstərişi ilə pirin tikilişinə başladıq. Ambulatoriyanın tikilişinə başladıq. 3 ayın içində pirin tikilişi gedə-gedə Nardaran işıq, su çəkdirmişəm. Məndən terrorist olar? Mən orucluq və qurban bayramlarında kasıb ailələrə yardım etmişəm. H.Əliyevin vəkili olmuşam. Təbliğata mən dəvət etmişəm, hamısının çəkilişi var. İlham Əliyevin 2 dəfə vəkili olmuşam. Axırıncı dəfə Nardaranda 84 faiz səs yığılıb. 4 dəfə deputat seçiləndə vəkil işləmişəm. Nardaranda H.Əliyev adına böyük park tikdirib, orada 600 ağac əkmişəm. Məndən terrorist olar? Mən 8 il Sabunçu rayon Ağsaqqallar Şurasının sədri olmuşam. İmam Mustafayev bizim sədrimiz, komissiyanın sədri isə Ramiz Mehdiyev olub. Allah İ.Mustafayevə rəhmət etsin, R.Mehdiyev sağdır. Mənim fəaliyyətlərim olub. Mən H.Əliyevlə bir yerdə E.Şevardnadzeni qəbul etmişəm. Mən terroristə oxşayıram? Ayıb deyil? Mənim fəaliyyətlərim var. Sabunçu, Maştağada, Balaxanıdakı yığıncaqlara dəvət ediblər, iştirak etmişəm. H.Əliyevin dostu Rastrapoviç üçün yığıncaq etmişik. Mən Baskala gedib, 2 paçka kəlağayı götürdüm, Rastrapoviçin arvadına, gəlininə, qızına, P.Bülbüloğlunun arvadına, M.Maqomayevin arvadına kəlağayı vermişəm, mən onların çiyinlərinə kəlağayı salmışam. Mən Heydər Parkında ağac əkmişəm, Z.Qaralov bel ilə torpaq töküb, mən ağacı əkmişəm. Sağ-salamat həbsdən çıxsın, Ə.İnsanovun qapısında ambulatoriya tikdirmişəm. Xəstəxanalardan texniki avadanlıq götürüb gətirmişəm. Ə.İnsanov onda Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Fəxrəddin Cavadovun birinci müavini idi.
Onun köməyi ilə etdim. Mənim nə qədər belə fəaliyyətim olub. Mən avtomat saxlayanam? Dedim ayıbdır, heç olmasa yaxşı avtomat yaz mənim üçün ki, televizorda görəndə desinlər Hacı adamdır, imkanı var, təzə avtomatı var. Gülərlər köhnə avtomata. Bir avtomat yazıblar, arxası açıqdır, əl girər içinə. Mən xəncər gəzdirən adamam? Yazıblar ki, xəncər olub məndə. Dedilər Hacı, deməsən ki, silahları qəbristanlıqdan tapmısan, aparacaqlar səni birinci mərtəbəyə, yaxşı olmayacaq sənin üçün, özün də yaşlı adamsan. Orada vurub qabırğamı da əziblər. Ay yoldaş prokuror, mənə yaraşar heç? Ölkəmizin müstəqilliyi üçün H.Əliyevin birinci çağırışında mən olmuşam. İndi gəlib mənə deyirlər “sən terroristsən”. Mən terrorist sözünü burada öyrənmişəm. Özümə sığışdıra bilmirəm bu sözü. Terrorist sənin atan olub, anan olub. Mənə ad qoyursan? Mən ölkəmizi sevmişəm. Məni Z.Qaralovla V.Abdullayev 1992-ci ildə Məkkəyə göndərib. Terroristi Məkkəyə göndərərlər? Hər il yayda qaçqınlara bir maşın pomidor, xiyar, istiot, badımcan vermişəm ki, qış üçün tədarük görsünlər. Mənə terrorist yaraşar? Mənim qapımdan evimə girən yerdə Azərbaycanın bayrağını asmışam. Terrorist Azərbaycanın bayrağını sancar qapısına? Terrorist bu sifətdə olar? Mən hər gün ölkəmizə, xalqımıza dua edirəm. Mən şəkər xəstəsiyəm, böyrəklərim sancır, ağrıyır, dərmanlarımı heç vaxtı-vaxtında ata bilmirəm”.
Eldar Bünyatov həbsdə olduğu müddətdə 3 nəvəsinin olduğunu, onların üzünü görmədiyini deyib:
“Dünən birini xəstəxanadan çıxarıblar. Nəvə zəng edir telefonda mənə, cavab verə bilmirəm, “can” – deyirəm, dilim tutulur, əlim, bədənim əsir. Hər il nəvələr yığılırdı başıma, yuxudan oyadırdılar məni. Ayıbdır axı. Heç yaraşmaz mənə terrorist adı. Mən 4 deputatın vəkili olmuşam. 2 prezidentin vəkili olmuşam. Mənim uşaqlarım bəs indi məndən nə nümunə götürə bilərlər?”
Bundan sonra E.Bünyatov dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. O, saxlanılmasından danışıb:
“Dekabrın 1-də səhər 7-də sübh namazını qılıb, yatmışam. Yoldaşım, oğullarım, gəlinlərim, nəvələrim də evdə idi. Gəlib avtomatla bütün pəncərələri güllələdilər. Hələ pəncərələrin pulunu verib qurtara bilməmişəm. Bütün pəncərələri sındırıb, 40 nəfər girdilər evə. Qapını, kompüteri sındırdılar. Soruşdular “Eldar kimdir?”. Dedim “Eldar mənəm”. Evdəkilər də qorxdu. Dedilər “uzan yerə”, uzandım, qollarıma qandal vurdular. Biri sol tərəf qabırğama təpiklə elə vurdu ki, 3 ay nəfəs ala bilmədim. Biri ayağını başıma qoymuşdu, zabitin biri gəlib onu itələdi ki, “utanmırsan, ağsaqqal adamın başına ayağını qoymusan?!”.
E.Bünyatov Nardarandakı hadisədən də danışıb:
“Noyabrın 26-da namaza başlamışdım. Avtomat səsi gəldi, qayda elədir ki, namazı yarımçıq kəsə bilmərik. Namazı qurtardım, çıxdım çölə gördüm qardaşımın həyətidir (Ə.Bünyatovun atasına məxsus ev). Olan olmuşdu, keçən keçmişdi. Əbülfəz Bünyatov mənim qardaşım oğludur”.
E.Bünyatov təqsirləndirilənlərdən Mehman Məmmədovun onun xalasının nəticəsi olduğunu bildirib. O, Z.Mikayılovu alim olaraq tanıdığını deyib. Digərlərini isə yalnız tutulandan sonra tanıdığını bildirib.
E.Bünyatov qardaşının evində heç vaxt silah görmədiyini deyib. O, Müsəlman Birliyi Hərəkatının üzvü olmadığını, T.Bağırzadəni çıxışlarından tanıdığını, onun dövlət əleyhinə çıxışlar etmədiyini söyləyib.
Məhkəmənin növbəti iclası 20 fevral tarixinə edilib.