Cəmil Həsənli: ”Milli maraqlara uyğun hazırlandığı üçün Heydər Əliyev Azərbaycan ensiklopediyasının cildini məhv etdi”
Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli son vaxtlar yaradıcılıq birlikləri və ruhani idarəsinin aktiv şəkildə prezident İlham Əliyevin seçki kampaniyasına qoşulmasına münasibət bildirib.
Facebook sosial şəbəkəsindəki
səhifəsi
ndə C.Həsənli ziyalılara göstərilən diqqət barədə yazıb.
“Müzakirələrin gedişində ziyalılarımız və din xadimlərimiz öz hərəkətlərini Heydər Əliyev və İlham Əliyevin Azərbaycan mədəniyyətinə, ziyalılara, islam dininə qayğısı ilə izah etməyə çalışır və onları tənqid edənlərə belə bir sual ünvanlayırlar: Bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti üçün nə etdiniz, ziyalılara hansı diqqəti göstərdiniz? Görünür bu məsələdə bəzi məqamları yada salmağa bir balaca ehtiyac vardır”.
O xatırladıb ki, kommunistlər dövlət xəzinəsinə süpürgə çəkib Xalq Cəbhəsi hakimiyyətinə boş bir kassa qoymuşdular.
“Üstəlik, ölkədə hərbi əməliyyatlar gedirdi və Azərbaycan orudusu Xangəndinin 7 kilometrliyində döyüşlər aparırdı”.
Rəsul Rzanın baş redaktorluğu ilə hazırlanan ensiklopediyanın məhv edilməsini unudublar
Digər tərəfdən C.Həsənli vurğulayıb ki, Heydər Əliyevin mədəniyyətə qayğısından ağız dolusu danışanlar yəqin ki, Rəsul Rzanın baş redaktorluğu ilə nəşr edilmiş milli maraqları özündə əks etdirən Azərbaycan Sovet Ensiklopediyasının birinci cildinin 20 min tirajını kitab satış dükanlarından yığışdırıb mətbədə doğratdırmasın bir az tez unudublar.
“Kitab məhv etmək, kitab yandırmaq bax belə olur, bütün tirajı birdən. Ensiklopediyanı tarixi, milli, siyasi, mənəvi baxımdan Azərbaycan xalqının maraqlarına uyğun hazırlatdığı üçün bilavasitə Heydər Əliyevin göstərişi ilə 1975-ci ilin oktyabr ayının 24-də Azərbaycan KP MK Bürosu “Azərbaycan Sovet Ensiklopediyasının işində ciddi nöqsanlar haqqında” 23 səhifəlik qərar qəbul etdi və bu qərarda Xalq Şairi Rəsul Rza millətçilikdə, Azərbaycan xalqının keçmişini vəsf etməkdə, Ararat dağını həm də Ağrı dağı kimi verməkdə, milli burjuaziyaya rəğbət göstərməkdə, kommunist ideologiyasını təhrif etməkdə, beynəlmiləlçiliyin əleyhinə olaraq qonşu Ermənistan və Gürcüstanda dəyişdirilmiş yer adlarının əski yazılışını verməkdə, Baş redaksiya üçün ayrılmış vəsaitləri havaya sovurmaqda, milli özünəvurğunluqda ittiham edilib vəzifəsindən çıxarıldı. (Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivi, fond 1, siyahı 62, iş 96, vərəq 61-84, Protokol № 139, bənd 5). Bax buna deyərlər ziyalıya və milli mədəniyyətə “qayğı”!
Heydər Əliyevdən əvvəl heç kəs xalqa ölülərini dini qaydada dəfn etməyi qadağa etməmişdi
C.Həsənli yazısında dini mövzuya da toxunaraq bildirib ki, müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş nə Nərimanov, nə Sergey Kirov, nə Əliheydər Qarayev və Levon Mirzəyan, nə Ruben, nə Qikalo, nə Polonski, nə Mircəfər Bağırov, nə İmam Mustafayev, nə Vəli Axundov Azərbaycan ziyalılarına, Azərbaycan xalqına öz ölülərini dini qaydada, molla ilə dəfn etməyi qadağan etməmişdi.
“Bu işin də bünövrəsi bu gün islama qayğısından din adamlarımızın ağız dolusu danışdığı Heydər Əliyev qoydu. Respublika rəhbərliyinə gəldikdən sonra o, dedi: “Bəzi kommunistlər, məsul işçilər, ziyalı nümayəndələri öz yaxın adamlarının dəfnini dini qaydalarla təşkil edir, belə mərasimlərdə iştirak edir və bunu “xalq” adətinə ehtiram sayırlar. Bu cür “izahaat” həmin kommunistlərin partiyalılıq hissini itirdiklərini göstərir. Həmin yoldaşlar əslində ruhanilərin və cəmiyyətə zidd ünsürlərin fəaliyyətini təqdir edir, öz ömrünü çoxdan başa vurmuş dini adət və ənənələrin dirçəlməsinə kömək göstərmiş olurlar.” (Bax: Kommunist qəzeti, 2 noyabr 1971-ci il)”.
Şaumyana heykəli Heydər Əliyev qoydu
Eyni qayda ilə mədəniyyət abidələri barədə də yazan professor vurğulayıb ki, müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş nə Nərimanov, nə Sergey Kirov, nə Əliheydər Qarayev və Levon Mirzəyan, nə Ruben, nə Qikalo, nə Polonski, nə Mircəfər Bağırov, nə İmam Mustafayev, nə Vəli Axundov 1918-ci ilin mart soyqrımını törətmiş Stepan Şaumyana sovet hakimiyyətinin 50 ilə yaxın bir dövründə respublikanın paytaxtında ayrıca heykəl qoymağa özlərinə icazə vermədilər.
“Bu işi də 1978-ci ildə Heydər Əliyev etməli oldu. İlham Əliyevin ziyalılara qayğısı ilə bağlı təkcə bir faktı xatırlatmaqla məsələnin birinci tərəfini yekunlaşdırmalı olacağam. İlham Əliyev 2005-ci ildə uzun müddət Azərbaycan Elmlər Akademiyasına prezidentlik etmiş Eldar Salayevi həbsə göndərdi. Təkcə bu fakt onun ziyalıya “qayğısının” aydın bir ifadəsi idi. Döğrudur indiki zamanəmizdə bütün bunları xatırlamaq adamın “ziyalılığına” dəlalət etmir, amma əlahəzrət faktdan qaçmaq mümkün deyil. Bəlkə, çox kiçik epizodlarını xatırlatdığımız bu şeylər olmayıb? Kimin etirazı varsa buyursun”!
Xalq Cəbhəsi ziyalıları işdən çıxarıb, yerinə matrosları təyin etmədi
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət dövründə ziyalılara münasibətinə toxunan C.Həsənli xatirladıb ki, 1992-1993-cü illərdə, Qarabağ cəbhəsində hərbi əməliyyatların getdiyi bir dövrdə Azərbaycan mədəniyyəti və ədəbiyyatının iki möhtəşəm simasının – Şah İsmayıl Xətai və Hüseyn Cavidin Bakı şəhərində möhtəşəm abidələri qoyuldu.
“Prezident Əbülfəz Elçibəy şəxsən hər iki abidənin açılış mərasimində iştirak edib.Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində qoyulacaq abidəsi üçün tanınmış heykəltəraş Ömər Eldarova dövlət sifarişi verildi. Bəlkə bunların Azərbaycan mədəniyyətinə dəxli yoxdur?”
Digər bir məqam kimi, o, müharibənin odu – alovu içərisində böyük bəstəkar Qara Qarayevin anadan olmasının 65 illiyi dövlət səviyyəsində qeyd edilməsini, böyük sənət adamı Toğrul Nərimanbəyova dövlət tərəfindən İçəri şəhərdə geniş emalatxana verilməsini yazıb.
“Xalq Cəbhəsi hakimiyyəti tərəfindən edildiyi üçün bunları da mədəniyyət hadisəsi saymaya bilərsiniz”.
C.Həsənli yazıb ki, Azərbaycan ədəbiyyatının iki tanınmış nümayəndəsinə – Xəlil Rzaya Xalq Şairi, böyük yazıçı Sabir Əhmədova Xalq Yazıçısı Fəxri adları verildi (Onların hər ikisi torpaqlarımızın azadlığı uğrunda övladların ŞƏHİD vermişdilər).
Bəlkə bu böyük mübarizə və qələm adamlarını yazıçı hesab etmirsiniz?
Digər məsələləri xatırladan Milli Şuranın sədri Azərbaycan səhnəsinin üç tanınmış sənətkarına Flora Kərimovaya, Afaq Bəşirqızına və Qədir Rüstəmova Xalq Artisti, bəstəkar Cavanşir Quliyevə Əməkdar İncəsənət Xadimi Fəxri adları verilməsini qeyd edib.
“Təkrarsız müğənni Akif İslamzadə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəhbəri təyin edildi. Bəlkə kimsə bu adamların böyük sənətkar olmalarına şübhə edir? Azərbaycan elminin Süleyman Əliyarlı, Vasim Məmmədəliyev və Ələsgər Qasımov (yadımda qalan bunlardır) kimi tanınmış nümayəndələrinə Əməkdar Elm Xadimi adı verildi, sonuncunun mənzil şəraiti yaxşılaşdırıldı. Bəlkə bu adamların ziyalı olmasına kiminsə şübhəsi var? Tanınmış alim və məşhur həkim Əhliman Əmiraslanov Moskva Onkologiya institutundan Bakıya dəvət edilib Tibb institutuna rektor təyin edildi. Qorxmaz Quliyev kimi istedadlı alim, təmiz ziyalı Dillər İnstitutunun rəhbərliyinə gətirildi”.
Bundan başqa o, Azərbaycan Yazıçılar İttifaqının 5 nəfər üzvünə yüksək dövlət vəzifəsi verilməsini xatırladıb.
“Professor Kamil Vəli Nərimanoğlu Baş nazirin mədəniyyət məsələləri üzrə müavini, professor Tofiq Hacıyev Maarif naziri, şair Sabir Rüstəmxanlı Mətbuat və İnformasiya naziri, şair Məmməd İsmayıl Televiziya və Radio Verilişləri Komitəsinin sədri, professor Firudin Cəlilov Təhsil Naziri. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaranandan sonra onun 84 illik tarixində elə bir dövr olmayıb ki, ittifaqın bu qədər üzvü 1992-1993-cü illərdə olduğu kimi yüksək dövlət vəzifələrinə irəli çəkilsin.
Bundan başqa əvvəlki dövrdən Mədəniyyət naziri işləyən Polad Bülbüloğlu, 1987-ci ildə Yazıçılar İttifaqının sədri seçilmiş tanınmış yazıçı Anar Rzayev, Konservatoriyanın rektoru işləyən böyük sənət adamı Fərhad Bədəlbəli, Rəssamlar İttifaqının sədri işləyən gənc rəssam Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri işləyən məşhur bəstəkar Vasif Adıgözəlov 1992-1993-cü illərdə də öz vəzifələrində işləyiblər və heç kim onlardan hakimiyyəti tərifləməyi tələb etməyib və heç kim onları tutduqları vəzifədən azad edib yerlərinə matros təyin etməyib.
Heç son müşavirədə çıxış edən istedadlı aktyor Hacı İsmayılov da həmin illərdə işsiz qalmayıb, bütün çətinliklərə baxmayaraq 1992-ci ildə o, tammetrajlı “777 № li iş”, 1993-cü ildə isə “Fəryad” filmlərində çəkilib”.
O qeyd edib ki, həmin bir il ərzində ziyalılardan kim müraciət edibsə, Əbülfəz bəy hamısını qəbul edib.
“Nümunə kimi böyük sənət korifeylərindən olan Zeynəb xanım Xanlarovanın “Səs” qəzetinin müxbiri ilə müsahibəsinə diqqət yetirmək yetərlidir:
“
– Yeri gəlmişkən, Əbülfəz Elçibəylə görüşürsünüzmü?
– Bəli.
–
Nə vaxt?
– Bu yaxınlarda bir ay olmaz.
–
Nə münasibətlə?
– Məişət zəminində bir-iki məsələ vardı.
–
Sizi necə qarşıladı?
– Çox böyük hörmətlə.
–
İşinizi həll etdimi?
– Əlbəttə. Axı mən Zeynəb Xanlarovayam, dünyaya Azərbaycanı az tanıtmamışam.
–
Əbülfəz Elçibəy sizə necə təsir bağışladı? Əvvəl tanışlığınız vardımı?
– İmam kimi! Doğurdan da, deyilmişkən vardır: təmiz adamdır, tərbiyəli kişidir. Əvvəllər sessiyada görüşmüşdük, münasibətlərimiz “salaməleyk”dən ibarət olub. O, hamı ilə ədəblə, nəzakətlə görüşürdü”.
Bax beləcə, bütün bunlar bir il hakimiyyətdə oldunuz, Azərbaycan mədəniyyəti, ziyalılar üçün nə etdiniz? – Sualına eksklüziv bir xatırlatmadır”.