”Heydər Əliyev hakimiyyətə gəlməklə müxalifətdəkiləri də xilas edib”

Siyavuş Novruzov: “Ulu öndərin digərləri ilə müqayisəsi düz deyil”

Source:


Siyavuş Novruzov: “Ulu öndərin digərləri ilə müqayisəsi düz deyil”

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyevin Heydər Əliyev, M. Ə. Rəsulzadə və Əbülfəz Elçibəy adına universitetlərin yaradılması barədə təklifi həmkarı tərəfindən etirazla qarşılanıb.

Deputat bildirib ki, Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Bundan başqa, Azərbaycan tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır:

“Məncə, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır. Gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin 135, Əbülfəz Elçibəyin isə 80 illiyi qeyd olunacaq. Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar. Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi. Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Təklif reallaşdırılarsa, yaxşı olar”.

Deputat Siyavuş Novruzov isə həmkarına etiraz edib. O, Heydər Əliyevin digər şəxslərlə müqayisəsinin düzgün olmadığını deyib:

“Adların əbədiləşdirilməsinə gəldikdə, buna fərqli yanaşmaq lazımdır. Yeni Azərbaycan Partiyası xidməti olan hər kəsin əməyini yüksək qiymətləndirir və onların adının əbədiləşdirilməsinin tərəfdarıdır. Lakin həmkarım Qüdrət Həsənquliyevin dediyindən fərqli olaraq, ulu öndərin digərləri ilə müqayisə edilməsi düzgün deyil. Çünki onu Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin tüğyan etdiyi, ölkənin müstəqilliyinin təhlükə altında olduğu zamanda Heydər Əliyev hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə, tək Azərbaycanı deyil, eyni zamanda o vaxt hakimiyyətdə, bu gün isə müxalifətdə olanları da xilas etmiş oldu. Sürət Hüseynovun “Azadlıq” meydanında dar ağacları quracağı və o ağaclardan kimlərin asılacağı barədə dedikləri hamıya bəllidir. Deməli, Heydər Əliyev müxalifətdəkiləri də xilas edib. Məncə, onun adı əbədiləşdirilməlidir”.

Ana səhifəXəbərlər”Heydər Əliyev hakimiyyətə gəlməklə müxalifətdəkiləri də xilas edib”