”Həyatınızı dəyişdirəcək suallar”

İnsan ən çox özü ilə vaxt keçirsə də, hərdən özünə suallar versə də, bir çox halda həmin suallara cavab tapmaqdan yayınır.

Source: Meydan TV

İnsan ən çox özü ilə vaxt keçirsə də, hərdən özünə suallar versə də, bir çox halda həmin suallara cavab tapmaqdan yayınır. Bu, necə olur? Çox sadə – insan özünü sadəcə “yola verir” .Misal üçün bir nəfər özünə “qarşı cinslə münasibətdə sənin üçün vacib olan şeylər nələrdir” tipli bir sual verir. Bu haqda düşünməyə başlayan kimi çox vaxt sıxılır, narahat olur. Niyə? Çünki sual ətrafında düşünmək onun həm də zəif tərəflərini meydana çıxarır. Çox vaxt zəif tərəflərimizi özümüz üçün müəyyən edəndə, bu, bizə ağır gəlir. Həm sualdan yeni sual doğur. Bu da paslanmış düşüncə kanallarını açmağa xidmət edir. Həmin kanalların açılışı əslində asan başa gələn proses deyil. Bu kimi suallar ətrafında dərin düşüncələr qurmaq təfəkkür etməyə gətirib çıxarır. Təfəkkür – intellektin fəal forması olmaqla bərabər, cisim və hadisələr, eyni zamanda münasibətlər arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq, analiz qabiliyyəti sayılır. Təfəkkür – bizi heyvanlardan fərqləndirən əsas amillərdəndir. Bu yazıda sizə müxtəlif suallar təqdim olunacaq(!) Əlbəttə, əgər siz özünüzü yola verməyə davam edəcəksinizsə, onda bu məqaləni daha oxumağa dəyməz. Elə zənn edin ki, guya belə bir yazıya heç rast gəlməmisiniz də. Yazını bağlayın, əvvəlki həyatınıza qayıdın və necə yaşayırdınızsa, elə də yaşamağa davam edin. Mən kiməsə nə məsləhət vermək niyyətindəyəm, nə də filosofluq etmək fikirim var. Bunu da qeyd edim ki, insanın özünü yola verməsi, başqalarını yola verməkdən də betərdir. Yaxşı, bəs, siz özünüzə nə vaxt meydan oxumaq və indiki passiv və mənasız hesab etdiyiniz vəziyyətinizi dəyişmək istəyirsiniz? Bu, insanın özünə səslənişi, çağırış etməsidir. Həmin çağırış onu daha genişmiqyaslı, daha keyfiyyətli, daha çox dərk edərək və əlbəttə daha mənalı və məzmunlu həyat yaşamağa səsləyir. Əksəriyyətimiz “avtopilot” halında yaşayır. Bu halda biz tam olaraq öz iradəmizlə həyatımızı müstəqil şəkildə idarə edə bilmir, ona yön verə bilmirik.

Nəticədə standart sxemlərin və köhnəlmiş ətalətin bir hissəsi oluruq. Ən pisi də odur ki, zamanla bu hal bizi qane edir. Biz özümüzü daha mənalı və dərk etməyə təşviqçi olan həyat yoluna keçməyə ərinirik. Əgər “avtopilot” rejimində yaşadığınızı düşünürsünüzsə, onda demək ki, özünüzə əhəmiyyətli suallar verməyin zamanı gəlib çatıbdır. Bu, o qəbildən olan suallardandır ki, hansı ki siz onlardan qaçmağa çalışırsınız. Onlar sizi “komfort zona”sından çıxarmaq üçün etibarlı kəndir rolunu oynayacaqlar. İnsanın dəyişməsi mümkündür və heç vaxt da gec deyil. Dəyişmək istəyən, mütləq dəyişir. Bunun üçün güclü istəklə bərabər, əzmkarlıq və bu sahədə çalışqanlıq da vacibdir. Aşağıda qeyd olunan suallar siyahısı özünüzü dərk etmək, tanımaq və dəyişmək üçün ilkin mərhələ sayılır. Özümüzü tanımaq bizi mənəvi cəhətdən güclü etməklə bərabər, həm də daha harmonik və keyfiyyətli yaşamaq imkanı verir. Belə halda biz həyatımıza daha yaxşı nəzarət etmə imkanı əldə edir və daxilən azad kəsə çevirilirik. Siyahıdakı suallara səmimi cavablar verməklə özünüzlə tanış olacaq və qarışıq, ziddiyyətli emosiyalarla qarşılaşacaqsınız. Bu qarışıq və mürəkkəb duyğular sizi qorxutmasın. Əslində belə hisslərin ortaya çıxması olduqca yaxşı vəziyyət sayılacaq. Çünki, bu, sizin dəyişiklik dünyasına atılmanız deməkdir. Mən siyahıdakı sualların heç birinə cavab yazmamışam. Cavablar hər kəs üçün fərdidir və özü ilə üzləşmək və yaxından tanış olmaq üçün bir imkandır. Çox kiçik tövsiyə – siyahıdakı sualların hamısına elə bu an cavab verməyə çalışmayın. Ciddi dəyişiklik istəyirsinizsə, onların üzərində düşünün, təhlil edin, sonra cavablandırın.


Suallar:

*Sonuncu dəfə nə vaxt və nəyə gözünüz yaşarana kimi gülmüsünüz?

*İndiki vəziyyətdə özünüzdən, doğrudan da, xoşunuz gəlir?

*Əgər bu gün ölsəniz, insanlar sizin barədə nələr deyəcəklər?

*Həyatda etmədiyiniz nələr haqqında heyfslənəcəksiniz?

*Dostlarınız sizi necə təsvir edərdilər?

*Eşitdiyiniz ən müdrik kəlam hansıdır?

*Əgər illərlə bəslədiyiniz və sevdiyiniz ev heyvanınız dənizdə eyni anda sizə tamamilə yad bir insanla boğulsaydı və onlardan yalnız birini xilas etmək şansınız olsaydı, hansını xilas edərdiniz?

*Acı təcrübələriniz sizə nələri öyrədib?

*Əgər həyatınızın sonuna 1 il qaldığını bilsəydiniz, nələrə nail olmağa çalışardınız?

*Siz pula xidmət edirsiniz, yoxsa pul sizə xidmət edir?

*Başqa adamların əhatəsində özünüz olmaqdan çəkinirsiniz? Niyə?

*Nəyə və ya kimə minnətdarsınız?

*Etdiyiniz nələr ilə fəxr edirsiniz? *Yaxın vaxtlarda hansı xeyirxah əməli etmisiniz?

*Bilsəydiniz ki, sabah öləcəksiniz, özünüzə hansı sualları verərdiniz?

*Özünüzü necə təsvir edərdiniz? *Başqalarının məsləhətlərindən yararlanırsınız?

*İnsanlardan nələr sizi küsdürə bilər?

*”O ki, biz alırıq, varlığımızı təmin edir. O ki, biz veririk, bizim həyatımızı yaradır.” – Uinston Çörçilin bu sözləri sizin üçün nə məna kəsb edir?

*Başqalarının həyatını zənginləşdirirsinizmi? Nələr ilə?

*Sizin üçün həyatın mənası nədir?

*Bir başqasının həyatını xilas etmək üçün öz həyatınızdan keçərdinizmi?

*Sizi ən çox nə məyus edir?

*Başqalarında axtardığınız əsas üç keyfiyyət hansılardır?

*Ən qorxduğunuz şey nədir?

*10 il əvvələ qayıtsaydınız, hansı həyati dərsləri öyrənmək istərdiniz?

*Əgər həyatınız kitab ya da film halında olsaydı, onu necə adlandırardınız?

*İki seçiminiz olsaydı: ya təyyarəyə heç vaxt minməyəcəksiniz, ya da heç vaxt internetə giriş imkanınız olmayacaq. Hansını seçərdiniz?

*Həyatınız kitab və ya film olsaydı, həmin kitabı oxumaq və ya o filmi izləmək sizin xoşunuza gələrdi?

*Mahir rəqqas olmağı seçərdiniz, yoxsa peşəkar riyaziyyatçı olmağı?

*Uğur sizin üçün nə deməkdir? *Əgər başqa cür insan olmaq şansınız olsaydı, necə birinə çevirilərdiniz?

*Həyatınızdakı ən gözəl gün necə olub? Və niyə belə düşünürsünüz?

*Hansı xoşagəlməz xüsusiyyətlərinizdən xilas olmaq istərdiniz?

*Ümumi olaraq insanlarla münasibət və əlaqələriniz sizi qane edir?

*Hansı tarixi şəxsiyyətin yerində olmaq istərdiniz? Niyə?

*Özünüzə hansı yatırımlar etməlisiniz? (maddi və mənəvi)

*İndiki vəziyyətinizi nəzərə alsaq, 5 il sonra nələrə nail ola bilərsiniz?

*”Yox” demək istədiyiniz halda tez-tezmi “hə” deyirsiniz? Bunun səbəbi nədir?

*Özünüzdə bəyəndiyiniz müsbət keyfiyyətlər hansılardır?

*Başqaları sizinlə danışanda, doğurdan da onları dinləyirsiniz?

*Bu il həyatınızda dəyişməyi lazım bildiyiniz ən vacib şey nə olacaq?

*Hesablayın. Gündə neçə saat sosial şəbəkələrdə vaxt keçirirsiniz?

*Elə şeylər varmı ki, hansı ki, düşünürsünüz ki, onları etməyə başlamaq üçün artıq gecikmisiniz? Nə üçün bu fikirdəsiniz?

*Dünyada ən nüfuzlu insan olmaq imkanınız olsaydı, ilk növbədə nəyi dəyişdirərdiniz?

*Ailə və dostlarınızla keçirdiyiniz vaxt sizi qane edir? *Həyatınızı necə asanlaşdıra və əhəmiyyətli şeylərə necə yönələ bilərsiniz?

*Sizi ən çox əsəbiləşdirən şey nədir?

*İnkişafınız üçün ayırdığınız zaman sizi qane edir?

*Bütün dünya əhalisinə 30 saniyəlik müraciət etmək imkanınız olsaydı, həmin yarım dəqiqə ərzində nələr deyərdiniz?

*Baş vermiş elə bir hadisə var ki, o barədə heç kimə danışmırsınız və peşmansınız?

*Kimsəsiz adaya düşsəydiniz, hansı üç vacib əşyanı özünüzlə götürərdiniz?

*İctimai yerdə baş vermiş hər hansı haqsızlığa etirazınızı bildirməyə çəkinirsiniz? Çəkinirsinizsə niyə?

*Etdiyiniz hansı səhvi daha təkrar etmirsiniz?

*Hansı daha pisdir – Müvəffəqiyyətsizliyə uğramaq, yoxsa ümumiyyətlə cəhd edib yoxlamamaq?

*Şəxsi inkişafınızda sizə daha çox nə kömək edir – özünüzə etdiyiniz çağırışlar, çətin sınaqlar, yoxsa həyatın xoş və rahat tərəfləri?

*Bilib bədbəxt olmağı seçərdiniz, yoxsa bilməyib xoşbəxt olmağı?

*Ən vacib hədəfinizlə aranızda məsafə yaradan maneə nədir? Bir sözlə ifadə edin.

*Ac uşağı yemləmək üçün oğurluq etməyi necə qiymətləndirirsiniz?

*Hansı halda təslim olub, əllərinizi aşağı salmısınız? *Həqiqi sevgi bəslədiyiniz adamlar üçün nələr edirsiniz?

*Özünüzə kifayət qədər suallar verirsiniz, yoxsa bildikləriniz sizi qane edir? *Əgər indi bir arzunuzun yerinə yetirilməsinə vəd versələr, nə arzu edərdiniz?

*Həyatda sizə əsas nə motivasiya(ilham) verir?

*Ən çox nə olmasa siz yaşaya bilməzsiniz?

*Yenidən və yenidən nə etməyi sevirsiniz?

*İstədiyiniz həyatı yaşamaq üçün sizə nə mane olur? Yuxarıdakı sualları tədqiq edəndən sonra beyniniz çoxsaylı, hətta yandırıcı fikir və ideyalarla aşıb-daşa bilər. Bunun baş verməsini xoş qarşılamağa çalışın. Sizə lazım olan da məhz bu idi! Suallara cavab verməyə səy göstərməklə, öz həyatınızdakı böyük dərinliyi praktiki şəkildə tapa biləcəksiniz. Unutmayın, əgər biz bu cür təhrikedici və vacib sayılan suallardan qaçsaq, həyatımızda müsbət dəyişikliklərin olmasını da gözləməməliyik.

Ana səhifəXəbərlər”Həyatınızı dəyişdirəcək suallar”