Baş redaktorun apelyasiya şikayətinə baxılıb
Bakı Apelyasiya Məhkəməsində “xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanovun 16 il azadlıqdan məhrum edilməsi haqda hökmdən şikayətə baxılıb. Fevralın 15-də hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, apelyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanıb.
15 gündür həbsdə aclıq etdiyi bildirilən Polad Aslanov özü də məhkəmədə ifadə verib. O bildirib ki, dövlətə xəyanət ittihamı – İranın xüsusi xidmət orqanlarına casusluq etməsi haqda yazılanlar yalandır. Həbsinin əsas səbəbi rəhbərlik etdiyi saytda məmurların korrupsiyası, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması haqda yazılardır: “Dövlətə xəyanət sözlə olmur, fakt-sübut qoysunlar ortaya. Deyirlər ki, pulu alanda qaimə imzalamışam, hanı o qaimələr? Guya yazılarımla dövlətçiliyə zərbə vurmuşam. O yazılar ekspertizadan keçirilsin, görək ki, necə zərbə vurmuşam”.
Polad Aslanov bildirib ki, 15 gündür aclıq edir, səhhətində ciddi problemlər yaranıb. Ona görə də vəsiyyətnamə hazırlayıb: “Mən prezidentə 35 məktub göndərmişəm. Heç birinə cavab yoxdur. Bəs deyirdi ki, ölkədə qanunsuzluq, məmur özbaşınalığı olanda yazın, mənə xəbər verin. Niyə əhəmiyyət vermir? Çünki özünün də hər şeydən xəbəri var. Bu işlərin başında duran elə İlham Əliyevin özüdür. Korrupsiyadan danışanların azadlığını əlindən alan da odur. Əgər aclıq nəticəsində mən həyatımı itirsəm, qatilim İlham Əliyev olacaq”.
Polad Aslanov məhkəmədə çıxış edərkən bildirib ki, durumu ayaq üstündə dayanmağa imkan vermir. Ona görə də əyləşərək çıxış etməsinə icazə verilib.
Baş redaktorun vəkili Elçin Sadıqov da onun təqsirsiz olduğunu vurğulayıb, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Vəkil onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Prokuror isa Bakı Ağır Cinayətlər Məhkəməsinin Polad Aslanov haqqında hökmünün əsaslı olduğunu, dövlətə xəyanət ittihamının sübuta yetirildiyini deyib.
Baş redaktorun həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə bildirib ki, apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Gülmirə Aslanova deyir ki, həyat yoldaşının sağlıq durumu da ağırdır, səhhəti təhlükə altındadır: “Aclığa başlayanda 44 kiloqram çəkisi vardı, indi daha da arıqlayıb. Səhhətindəki problemlər aşkar görünür. Amma təəssüf ki, hələ də həkim nəzarətində deyil, kamera şəraitində saxlanılır. Gəlib qan təzyiqini belə, ölçmürlər. Amma təcirdxana rəhbərliyinin sifarişilə məhkəmədə çıxış üçün hazırladığı yazılar da əlindən alınır”.
Penitensiar Xidmət Polad Aslanovun aclıq etməsi barədə məlumatlara münasibət bildirməyib. Ombudsman Aparatı isə onun aclıq atdiyini təsdiqləyib.
Sayt rəhbəri 2019-cu il iyunun 12-dən həbsdədir. O, ötən il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.