“Görürsünüzmü, həyat nə biz düşünən qədər yaxşı, nə də pisdir…” Bu cümlə fransalı yazıçı Gi de Mopassanın ilk romanı olan “Həyat”(‘Une Vie’) əsərində yazılıb. Roman həmin cümlə ilə sonlanır.
Mopassan ən sevdiyim yazıçıdır. Onun kitabı daim yatağımın yanında olur və ara-sıra, təkrar-təkrar Mopassanın novellalarını oxuyur və xoşbəxt oluram. Dilimizdə 1989-cu ildə çap olunmuş ‘Həyat’ romanını böyük həvəs və hərisliklə oxumuşdum. 1883-cü ildə yazılmış həmin əsər möhtəşəmdir və onu oxumağı hamıya məsləhət görürəm.
Həmin şedevr romanı bu yaxında Bakı kitab klubu cəmi 50 tirajla yenidən çap edib. Yəqin ki, nəşriyyat bunu maddi vəziyyətə görə elə az çıxarıb. İstənilən halda bu, mənim üçün ağır və dəhşətdir.
“Həyat” 50 tirajla nəşr olunacaq kitab deyil. Vallah, buna görə nəinki pis oluram, həm də utanıram. Dostumuz Bilal Həsən də keçən dəfə o kitabı bizdə görəndə arxasına baxıb bərkdən gülməyə başladı: “Mopassanın kitabı Azərbaycan dilində 50 tirajla nəşr olunur, Mopassan və 50 tiraj e, a kişi”.
Əlbəttə, Bilal məhz istehza ilə, acı reallığın tamını aydın hiss etdiyi üçün elə gülürdü. Çox pis oldum. Nitqim qurudu və heç bir rəy verə bilmədim. Nə deməli idim?! Bu, Azərbaycandakı həyatın açıq-aşkar qara, yeknəsək çalarıdır. Şişirdib eləmirəm. Bu sətirləri yazarkən belə həmin kədəri hiss edirəm.
Niyə kədərlənir və dəhşətə gəlirəm?
Çünki dilimizə tərcümə olunmayan sonsuz sayda kitab var. Günəş şüasının canlı təbiətə nə qədər ehtiyacı varsa, azərbaycanlıların da kitablara o qədər ehtiyacı var. Günəşsiz səhər açılmadığı kimi, bizim cəmiyyət də kitabsız dirçələ və inkişaf edə bilməyəcək.
Statistika da göstərir ki, kitab az oxuyan ölkələrdə cinayət hadisələrinə daha çox rast gəlinir. Bu, çox təbiidir. Kitab inkişaf üçün əsas lokomotiv güc sayılır. “Bədənin vitaminlərə ehtiyacı olduğu kimi, ruhun da vitaminlərə ehtiyacı var”. Bu cümlənin müəllifinin adını unutmuşam, ancaq onun sözlərini heç unutmuram. Ruhun ən vacib vitaminləri isə heç şübhəsiz, kitablar arasında olur.
Məsələyə belə həssas yanaşmağıma səbəb həm də odur ki, ətrafda mədəni və ağıllı adamların sayı kəskin şəkildə azalıb. Ağıllı adamların çoxu ölkəni tərk edib. Aydınların sayı azaldıqca, ölkə daha da qaranlığa dönür. Qaranlıqda isə həyat daha da çətin və ağır olur. Yaşamaq çətinləşir.
Onsuz da həyat çətindir. Kitabdan, filmdən, teatrdan uzaq olanlarla həyat daha da çətinləşir. Bu, doğurdan da, belədir.
Mopassanın “Həyat” romanı 18-ci əsrdə yaşayan baronun təmiz, qəşəng və günahsız qızı Jannanın həyatından bəhs edir. 17 yaşlı qızın təbiətə olan ehtiraslı sevgisi, xoşbəxtlik arzusu romanın ilk başlarından aydın təsvir olunur. Qapalı kilsə təhsili alıb evinə dönmüş Janna həyatdan “bayram” gözləyir. O, sevgi istəyir, həm də diqqətli və qayğıkeş oğlanla rastlaşıb onunla evlənməyi arzulayır. Evləndən sonra isə Janna xəyallarında yaratdığı illuziya ilə vidalaşmalı olur. Çünki sevib ərə getdiyi əri Jülyen xəsis, kobud və Jannanın özünə qarşı diqqətsiz biri olur. Jülyeni qulluqçu qadınla bir yataqda görəndə dünya Jannanın başına yıxılır sanki. Bundan sonra məlum olur ki, həyat “bayram”dan ibarət deyil. Növbəti ‘zərbəni’ Janna anası öləndən sonra onun məktublarını oxuyarkən alır. Təsadüfən xəbər tutur ki, anası gənc yaşlarında olanda atası ilə evli ola-ola başqa yad bir kişi ilə görüşürmüş.
Roman əsas etibarı ilə həm də personajların daxili iztirablarının təsvirindən ibarətdir. Ən əsası da Jannanın sevincləri, xəyal dünyasının həyəcanlı və səmimi illuziyaları, kövrək ruh dünyası və getdikcə artan xətlə inkişaf edən narahatlıqları əsərdə çox detallı şəkildə qeyd olunub. Romanda o qədər emosiya var ki, həmin emosiyaların dalğası məni başdan sona qədər çulğadı və təsir altında saxlaya bildi. Ona görə əsərdən böyük həzz aldım.
Əslində romanda böyük hadisələr xətti və ağrılı faciə yoxdur. Jannanın həyatının bütün tarixi əsasən xəyal və ümidlərdən ibarət olur və o, bu illuziyaya uzun müddət inam bəsləyir. Ərə gedəndən sonra, o, anlamağa başlayır ki, evli cütlüklər arasındakı xoşbəxtlik utopiya və fantaziya imiş. Qüsursuz cütlük saydığı validenynlərinin də xoşbəxt tablosu, anası ilə məşuqu arasında olan isti, səmimi bağları tərənnüm edən məktubları oxuyandan sonra puç olur.
Oğlu Pol anadan olandan sonra Janna bütün ümidlərini onun üzərində qurmağa başlayır. O, fikirləşir ki, Pol “böyük insan” olacaq. Pol böyüdükcə isə Jannanın ümid binası yenidən dağılmağa başlayır.
Bir çox ədəbiyyat araşdırmaçısı hesab edir ki, daxilində “lirik faciə” daşıyıcısı olan Janna, Mopassanın öz daxili dünyası ilə böyük yaxınlığa malik olub. Onun da həyat tarixçəsi belə qabarma və çəkilmələrlə zəngindir. Bəli, burda avtobioqrafik motivlər sezilir. Mopassanın öz valideynlərinin evliliyi uğurlu və xoşbəxt olmayıb. Bundan əlavə, hadisələrin baş verdiyi Normandiya, onun təbiətinin təsvirindəki rəvan nüanslar, uşaqlıq xatirələri, Miromenil qalası ətrafında keçən günlər, dənizin özü və onun gətirdiyi külək – bütün bunlarla bağlı aydın təsvirlər onu sübut edir ki, müəllif Normandiyaya nə qədər sıx bağlı olub.
Dərin pessimizmdən ibarət “Həyat” romanında insanın əsas həyat motivi olan xoşbəxtlik təşnəsi və ehtirası, mərhəmətə və gözəlliyə təbii meyili Jannanın daxili dünyasının təsvirləri ilə birgə təşkil olunub. Mopassanın bəşəriyyətdə daimi görmək istədiyi şeylər məhz bütün bu xoş motivlər idi.
Mopassan 43 yaşında vəfat edib. Seymur Baycan demişkən, bu qədər qısa ömür sürən birinin həyatı bu qədər dərin anlamağı heyrət doğurur. Dahi rus yazıçısı Tolstoy da “Həyat” romanını çox bəyənib. Hətta o, hesab edib ki, “Həyat” Hüqonun “Səfillər”dən sonra Fransız ədəbiyyatındakı ən yaxşı ikinci roman sayılır.
Bu romanı oxuduqdan sonra yenidən həyat barədə təsəvvürlərim üzərində bir daha təhlillər apardım və fikirləşdim: Həyatın mənası nədir?
Belə qənaətə gəldim ki, əslində həyat o qədər də mənalı və gözəl deyil. Önəmli olan bizim həyata müsbət olan yanaşmağımızdır. Onda həyat mənalı və gözəl olur.
Həyatı doya-doya, çətinlikləri və gözəllikləri ilə birgə xoş və məhsuldar yaşamağı arzu edirəm sizə…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.