Həyat yoldaşıyla qızını öldürməkdə ittiham olunan şəxs komadan ayıldı və həbs olundu

Həbs. Foto: Meydan TV

Fərid Hüseynliyə qarşı Cinayət Məcəlləsinin üç maddəsi irəli sürülüb

İyunun 20-də həyat yoldaşını və 8 aylıq qızını öldürməkdə ittiham olunan 30 yaşlı Fərid Hüseynli iki həftə davam edən komadan ayılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki nəfəri öldürmə) maddələrilə ittiham irəli sürülüb. Prokurorun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə iyunun 20-də Abşeron rayonu, Qobu qəsəbəsində baş verib. 20 yaşlı Leyla Hüseynli bıçaqlanaraq elə hadisə yerində ölüb. Onun 8 aylıq qızı Ayla xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İddia olunur ki, Fərid Hüseynli həyat yoldaşı və qızını bıçaqlayandan sonra intihara cəhd edib.

Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan Leyla Hüseynli və qızı Masallı rayonunda dəfn olunub. Leyla Hüseynlinin yaxınları Meydan TV-yə bildirib ki, onunla Fəridin atası uzun illər dost olub:

“Onlar bir-birini belə tanıyıb və evləniblər. Evlərində belə böyük faciəyə gətirib çıxaracaq problem olmayıb. Ona görə eşidəndə hamı şoka düşmüşdü…”.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalar davam edir.

Ana səhifəSosialHəyat yoldaşıyla qızını öldürməkdə ittiham olunan şəxs komadan ayıldı və həbs olundu