Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis: “Sevirdim, qoruyurdum…”

Foto: Meydan TV

Dindirmə zamanı bəlli olub ki, o, qapını arxadan açarla bağlayıb işə gedirmiş

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində həyat yoldaşını öldürməkdə ittiham olunan polis əməkdaşı – Nizami Rayon Polst-Patrul Xidmətinin polis nəfəri
İsmayıl Məmmədovun işi üzrə məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində ittiham aktı elan edilib.

Cinayət işinin materiallarında yazılıb ki, Xanım Məmmədova hadisədən bir gün əvvəl Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, ərinin onu döydüyünü bildirib. Onun şikayəti əsasında araşdırma başlanıb. 24-cü polis bölməsinin təhqiqatçısı Füzuli Qurbanov 30 sentyabr, səhər saat 08.40-da Xanım Məmmədovanı bölməyə dəvət edib. Daha sonra İsmayıl Məmmədovla əlaqə saxlayaraq, onun haqqında şikayət olduğunu, lakin polis əməkdaşı olduğuna görə şikayətin prokurorluqda araşdırılacağını bildirib. Polis bölməsinə gələn İsmayıl Məmmədov təhqiqatçıya bildirib ki, uşaqları ilə görüşüb gedəcək. O, bölmədə Xanım Məmmədovaya barışıq təklif edib. Lakin Xanım Məmmədova imtina edib.

“İsmayıl Məmmədov üzərində olan xidməti silahın darağındakı 15 güllənin hamısını ataraq, Xanım Məmmədovanı təhqiqatçının otağında, uşaqlarının gözü qarşısında qətlə yetirib”, – ittihamda yazılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham irəli sürülüb. Hakim xatırladıb ki, bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İttihama münasibət bildirən İsmayıl Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb.

Xocalıda anadan olduğunu və körpə yaşlarında məcburi köçkün həyatı yaşadığını deyən İsmayıl Məmmədovun sözlərinə görə, o, 6 bacının bir qardaşıdır. Xanım Məmmədova ilə 2012-ci ildən bir-birini tanıyıb, 2014-cü ildə ailə qurublar. Etiraf edib ki, onu çox sevsə də, həmişə qısqanc olub. Xanım universitetdə oxuduğu illərdə onu dərsə aparıb-gətirməkdən ötrü özünün iş növbəsini dəyişməli olub: “Onu universitetə aparıb-gətirə bilim deyə, işdə gecə növbəsinə keçdim. Əvvəldən razılaşmışdıq ki, valideynlərinin əziyyəti hədər getməsin deyə universiteti bitirəcək, amma işləməyəcək. Özü də razılaşmışdı. Mən onu sevmişəm, qorumuşam, qısqanmışam…”

Hadisə gününə gəlincə, İsmayıl Məmmədov bildirib ki, həyat yoldaşının ondan şikayətçi olması xəbərini eşidəndə “Neftçilər” metrostansiyasının yaxınlığında xidmətdə olub: “Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllə hamısı atılıb…”
Əməlindən peşman olduğunu deyən İsmayıl Məmmədov əlavə edib ki, 12 il idi polis orqanlarında xidmət edirdi.

Dindirmə zamanı o da məlum olub ki, son zamanlar o, qapını arxadan açarla bağlayıb işə gedirmiş.
Məhkəmə araşdırmaları davam edir.

Ana səhifəTövsiyəHəyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis: “Sevirdim, qoruyurdum…”