Zərəçəkmiş tərəf onun buraxılmasını xahiş etmişdi
Sabunçu Rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Fəqan Əhmədovun cəzası azaldılıb. Aprelin 29-da Bakı Apelyasiya Məhkəməsi onun haqqında hökmü dəyişib. Hakim Elmar Rəhimovun sədrliyilə çıxarılan qərara əsasən, Fəqan Əhmədovun cəzası 10 ildən 7 ilə endirilib.
Bir neçə gün əvvəl Fəqan Əhmədovun mərhum həyat yoldaşı Pərvanə Əhmədovanın valideynləri müraciət yayaraq, onun üç azyaşlı övladının başsız qaldığını, onlardan birinin psixoloji durumunun pozulduğuna görə hətta intihara əl atdığını vurğulamış, uşaqların mənafeyini nəzərə alaraq, onun azadlığa buraxılmasını xahiş etmişdi.
Məhkəmə Fəqan Əhmədova münasibətdə Cinayət Məcəlləsinin 62-ci (nəzərdə tutulan cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsinin tətbiqinə qərar verib. Bunu da belə əsaslandırıb ki, himayəsində üç azyaşlı uşağın olmasını, zərərçəkmiş tərəflə barışığı və s. halları nəzərə alaraq ona münasibətdə 62-ci maddədə tətbiq olunur.
Hələ birinci instansiya məhkəməsində vəkilləri Fəqan Əhmədovun əməlinin Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunmasını istəmişdi.
Onun özü də son sözündə hadisəni “yersiz, şit bir zarafatın nəticəsi” adlandırıb. O bildirib ki, istintaq orqanının hadisəni qəsdən adam öldürmə kimi tövsif etməsi əsassızdır:
“Mənim qəsdən öldürmək məqsədilə silaha patron yerləşdirməyim, həyat yoldaşımın mənimlə amiranə danışmasını özümə qarşı təhqir hesab etməyim haqda yazılanlar fərziyyədir. Mən Pərvanəni sevirdim, son nəfəsimə qədər də belə olacaq. Onun başından bir tük əskik olmasına razı olmazdım”.
Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı mayın 30-da Nardaranda bağ evində özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur.
Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində həvalə olunub.
Fəqan Əhmədov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir.
1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimi olub. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.
Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi https://www.meydan.tv/az/article/eli-kerimlinin-muhafizecisinin-atasi-hec-olmasa-bunu-elemesinler-hamimiz-insaniq/ ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.
Hadisədən sonra hakim kimi toxunulmazlıq statusu ləğv edilib və şübhəli şəxs qismində saxlanılıb. Lakin onun hakim kimi səlahiyyətlərinə xitam verilməyib, hələ də məhkəmənin saytında onun haqqında məlumatlar qalmaqdadır. Çünki təqsirli olması haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü yox idi. Aprelin 29-da Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra onun haqqında hökm qüvvəyə minmiş hesab olunur.