Fəqan Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək
Sabunçu Rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Fəqan Əhmədovun məhkəməsi yekunlaşıb.
Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, Fəqan Əhmədov 10 il azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli hesab olunan hakimin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi də hökmdə əksini tapıb.
Hökmdən əvvəl çıxış edən prokuror Fəqan Əhmədovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı deyib ki, könüllü təslim olmasını, himayəsində üç azyaşlı övladını yüngülləşdirici, hadisənin odlu silahla törədilməsini isə ağırlaşdırıcı hal kimi qiymətləndirib.
Vəkillər isə təqsirləndirilən hakimin həyat yoldaşını əməlinin Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.
"Qəsdən adam öldürmə ittihamı fərziyələr əsasında verilib. Guya həyat yoldaşı ondan içkini tərgitməyini istəyib, yüksək tonla, hökmranə şəkildə "ata bilməzsən" deməsindən əsəbiləşib və hadisəni törədib. İstintaq orqanı bunu necə müəyyən edib? Hadisənin yeganə şahidi Fəqan Əhmədovdur, o da elə söz deməyib. Fəqan Əhmədova veriləcək cəza üç azyaşlı uşağa da verilir. Onlar onsuz da analarını itiriblər, ata qayğısından da məhrum olurlar. Fəqan Əhmədov özü də deyir ki, o üç uşaq olmasaydı, mən bilirəm öz cəzamı necə verərdim…", – vəkil Bəylər Məmişov bildirib.
Fəqan Əhmədov son sözündə hadisəni "yersiz, şit bir zarafatın nəticəsi" adlandırıb.
O bildirib ki, istintaq orqanının hadisəni qəsdən adam öldürmə kimi tövsif etməsi əsassızdır: "Mənim qəsdən öldürmək məqsədilə silaha patron yerləşdirməyim, həyat yoldaşımın mənimlə amiranə danışmasını özümə qarşı təhqir hesab etməyim haqda yazılanlar fərziyədir. Mən Pərvanəni sevirdim, son nəfəsimə qədər də belə olacaq. Onun başından bir tük əskik olmasına razı olmazdım".
Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı mayın 30-da Nardaranda bağ evində özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur.
Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində həvalə olunub.
Fəqan Əhmədov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyir.
1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.
Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib.
Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub.
Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb.
Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib.
O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.
Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub.
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.