Zərərçəkmişin ailəsi isə ona ömürlük həbs cəzası verilməsini və 200 min manat təzminat tələb edir
Polis olan həyat yoldaşından şikayətinə görə izahat vermək üçün 24-cü polis bölməsinə gedən və orada qətlə yetirilən Xanım Məmmədovanın ölümüylə bağlı məhkəmə araşdırmaları başa çatıb. Martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, Nizami rayon Post-Patrul Xidmətinin keçmiş əməkdaşı, polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı Orxan Kəngərli bildirib ki, İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 128 (qəsdən bədənə yüngül zərər vurma), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsilə əlaqədar onu öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələrilə verilən ittihamlar məhkəmədə həm özünün qismən etirafı, həm də şahid ifadələri və başqa sübutlarla təsdiqini tapıb. Onun sözlərinə görə, odlu silahla və özündən asılı olan şəxsə qarşı törədilməsi ağırlaşdırıcı, İsmayıl Məmmədovun himayəsində iki azyaşlı övladının olması isə yüngülləşdirici hal kimi qiymətləndirilib. Prokuror təklif edib ki, sabiq polis əməkdaşına veriləcək cəzanın ilk 3 ili həbsxana rejimində çəkilsin.
Zərərçəkmiş tərəf isə İsmayıl Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmişin vəkili eyni zamanda, təqsirləndirilən şəxsə qarşı 200 min manatlıq mülki iddianın da təmin olunmasını xahiş edib:
“Ona qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini – ömürlük azadlıqdan məhrum edilməsini qətiyyətlə tələb edirik. Uşaqlarının gözünün qarşısında onların anasını öldürüb. O, 20 ildən sonra həbsdən çıxsa belə, cəmiyyətə faydası ola bilməz. Xanım Məmmədovanın valideynləri pensiyalarıyla məzar daşı düzəltdirib, yas məclisini keçiriblər. Heç bir maddiyyat Xanım Məmmədovanı əvəz edə bilməz. Buna baxmayaraq, hesab edirik ki, bu iddianın təmin olunması zərərçəkmiş tərəfin haqqıdır”.
İsmayıl Məmmədovun vəkili isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Ona aprelin 12-nə qədər vaxt verilib.
Məhkəmə iclasında həmçinin təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb ki, hadisə günü İsmayıl Məmmədovdan qayınanasına gedən zəng və mesajlar araşdırılsın. Bundan başqa, vəkil hüquqlarını müdafiə etdiyi şəxslə bağlı məhkəmə-psixoloji ekspertizasının keçirilməsini istəyib.
“SMS-lər araşdırılsa, məlum olacaq ki, İsmayıl Məmmədov polis bölməsinə gedəndə həyat yoldaşını yox, özünü öldürmək niyyətində olub. Bildirib ki, əgər yoldaşı bölməyə ondan şikayətə gedirsə, özünü öldürəcək”, – vəkil Qanqa İbrahimov bildirib.
İsmayıl Məmmədov martın 29-da məhkəmədə hakim Səbuhi Hüseynovun sualına cavab verərkən bir daha təkrarlayıb ki, hadisəni şok vəziyyətində törədib.
Vəkili vəsatət qaldırıb ki, İsmayıl Məmmədovla bağlı təkrar ekspertiza keçirilsin. Onun sözlərinə görə, istintaq zamanı alınan ekspert rəyi qanunun tələblərinə cavab vermir: “Məsələn, ekspert qismində çıxış edən Humay Cəfərovanın ixtisası, təhsili, təcrübəsi barədə heç bir məlumat yoxdur. Xahiş edirik, təkrar ekspertiza zamanı ekspert qarşısında suallar qoyulsun ki, İsmayıl Məmmədov hadisə zamanı psixoloji affekt halında olub, yoxsa yox?”
Lakin bu vəsatətlərin heç biri təmin olunmayıb. Prokuror bildirib ki, İsmayıl Məmmədovun bölməyə hansı niyyətlə gəlməsinin artıq əhəmiyyəti yoxdur. Ortada qətl hadisəsi var və Xanım Məmmədova öldürülüb. Buna görə də İsmayıl Məmmədovun əvvəldən hansı niyyətdə olması fərq etmir.
İttihama əsasən, sentyabrın 29-da Xanım Məmmədova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, həyat yoldaşının onu döyməsindən şikayətlənib. Bu şikayətlə əlaqədar izahat vermək üçün polis bölməsinə çağırılan Xanım Məmmədova sentyabrın 30-da səhər saatlarında bibisi və iki övladı ilə ora gedib. Həyat yoldaşı İsmayıl Məmmədov da onun bölmədə olduğunu eşidəndə ora gedib. Orada təhqiqatçının otağında bu hadisə baş verib.
İsmayıl Məmmədov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb: “Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllə hamısı atılıb…”