“Həyat yoldaşıma polis idarəsində işgəncə verərək, narkotiklə şərləyiblər”

Pərviz Babazadə, Meydan TV

Bakı sakini polis idarəsində döyüldüyünü deyir

“Məni otağa salıb döydülər, paltarlarımı qaldırdılar, üstümdə axtarış apardılar. Halbuki, qadın olduğuma görə mənim üzərimdə qadın əməkdaşları axtarış apara bilərdilər. Sonra həyat yoldaşımı da otağa gətirdilər. Onun gözünün qarşısında yenə paltarlarımı qaldırıb axtarış apardılar, yenə döydülər. Bu əxlaqsız davranışları həyat yoldaşıma psixoloji təsir göstərmək üçün idi. Yoldaşıma dedilər ki, əgər kağızlara imza atmasan, bu qadının üstündən 8 kilo narkotik “çıxardacağıq”, özün bil. Yoldaşım dedi, siz nə edirsiz, buraxın qadını, evdə körpəmiz var. Gətirin, hara, nəyə deyirsiniz qol çəkim, təki həyat yoldaşımı buraxın”.

Bakı sakini Nailə Xudaverdiyeva belə deyir. Qadın Meydan TV-yə danışır ki, ötən il avqustun 10-da onu və həyat yoldaşı Pərviz Babazadəni Binəqədi Rayon Polis İdarəsinə apararaq hər ikisini döyüblər, həyat yoldaşını narkotiklə şərləyərək həbs ediblər.

Nailə Xudaverdiyevanın sözlərinə görə, hadisə “Elit” Ticarət Mərkəzinin yaxınlığında baş verib:

“Anamgildən çıxıb Pərvizlə şəxsi maşınımızda Yasamaldan Dərnəgülə – “Elit” Ticarət Mərkəzinin yanında kirayədə yaşadığımız evimizə gəlirdik. Yoldaşım maşını “Elit” marketin yanında saxlayıb düşdü ki, çörək alsın. O, marketə girən kimi bir neçə mülki geyimli kişi maşına cumdu, mən qorxuya düşdüm, qapıları bağladım, şüşəni qaldırdım. Qapını açmağımı tələb etdilər. Bu vaxt yoldaşım marketdən çıxdı, onun üstünə cumdular, üstünü axtardılar, dedilər, Binəqədi polisiyik. İki nəfər bizim maşına mindi, maşını sürüb məni Binəqədi Rayon Polis İdarəsinə apardılar”.

Nailə Xudaverdiyeva iddia edir ki, polis idarəsində onunla aşağılayıcı davranıblar. Həyat yoldaşını da, onu da döyüblər. Həyat yoldaşından hansısa kağızlara imza etməsini tələb ediblər:

“Yoldaşımdan tələb edirdilər yazsın ki, maşından 1 kiloqram narkotik çıxıb. Dəyənəklə o qədər döydülər ki, al-qan içindəydi. Nəhayət, onu mənimlə şantaj etdikdən sonra həyat yoldaşım dedikləriylə  razılaşdı”.

Nailə xanımın sözlərinə görə, həyat yoldaşı polislərin dedikləriylə razılaşdıqdan sonra onu Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparıblar:

“Məni 5-ci bölməyə apardılar. Məni bölmədən buraxmaq üçün 2 min manat tələb etdilər. Danışıqlarla həmin məbləğ 500 manata düşdü və atamdan 500 manat alaraq məni bölmədən buraxdılar. Sonradan bildik ki, Pərvizi külli miqdarda narkotiklə şərləyiblər”.

Nailə Xudaverdiyeva deyir, hadisə avqustun 10-da baş versə də, nədənsə tarixi saxtalaşdıraraq sənədlərdə avqustun 12-si kimi qeyd ediblər. Həyat yoldaşının üzərindəki 500 manatı, bahalı telefonu götürüblər və götürdüklərini sənədləşdirməyiblər. Nailə Xudaverdiyeva həyat yoldaşının əvvəllər narkotik istifadəçisi olduğunu, ancaq sonralar müalicə olunaraq normal həyata döndüyünü deyir:

“Düzdür, mənim həyat yoldaşım əvvəllər narkotik istifadəçisi olub, məhkum edilib, ancaq biz onu müalicə etdirmişdik və pis vərdişlərindən əl çəkmişdi, normal həyata qayıtmışdı. Guya yoldaşım dərman istehsal edir. Dərman istehsalı üçün laboratoriya olmalıdır, mənim yoldaşımın laboratoriyası nə gəzir. Qeyrətimin, namusumun üzərinə and içirəm ki, onun maşınından heç nə çıxmamışdı. Keçmiş həyat tərzini, məhkumluğunu əllərində bayraq tutaraq onu göz görə-görə şərlədilər”.

Nailə Xudaverdiyeva Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının hərəkətlərindən Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana şikayət edib. DİN-in 102 Xidmətinə etdiyi şikayətsə araşdırılması üçün elə Binəqədi Rayon Polis İdarəsinə yönləndirilib. Polis idarəsindən Nailə Xudaverdiyevaya göndərilən rəsmi cavabda qeyd olunub ki, şikayət araşdırılıb və polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları aşkar edilmədiyinə görə toplanmış materialın icrası dayandırılıb.

Pərviz Babazadəylə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində tərtib olunmuş İttiham aktında qeyd olunub ki, avqustun 12-də onun üzərinə keçirilmiş baxış zamanı satış məqsədilə gəzdirdiyi 22,278 qram heroin, 119,397 qram metamfetamin, metadon tərkibli 30 ədəd həb, Preqabalin tərkibli 9 ədədə dərman preparatı və Tramadol hidroxlorid tərkibli 28 ədəd dərman preparatı aşkar edilib. İttiham aktında o da qeyd edilib ki, Pərviz Babazadə 234.4.1,  234.4.3 (Külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin mütəşəkkil dəstə tərəfindən qanunsuz dövriyyəsi) və 240.3.2 (Külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə mütəşəkkil dəstə tərəfindən qanunsuz dövriyyəsi) maddələri üzrə ittihamları qəbul etməyib və istintaqa ifadə verməkdən imtina edib. Ancaq o da qeyd olunub ki, istintaqın ilkin mərhələsində dindirmə zamanı o, narkotik vasitələri və psixotrop həbləri istintaqa məlum olmayan şəxsdən aldığını etiraf edib.

Nailə Xudaverdiyeva deyir, Pərviz Babazadə Bakı İstintaq Təcridxanasında etiraz edərək metal əşyalar udub və həmin əşyaların əməliyyat vasitəsilə qarın boşluğundan çıxarılmasına imkan vermir, hazırda durumu ağırdır.

Pərviz Babazadənin işi üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək məhkəmə iclası martın 3-nə təyin olunub.

Ana səhifəSosial“Həyat yoldaşıma polis idarəsində işgəncə verərək, narkotiklə şərləyiblər”