Həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilən məşqçinin atası məhkəməyə gəlmir

Foto: Meydan TV

Əfsanə Qalabəylinin müdafiəsinə daha bir vəkil qoşuldu

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi kimi çalışan, 2022-ci il sentyabrın 2-də Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə qətlə yetirilən 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin atası onun hüquqi varisi qismində tanınıb. Onu qətlə yetirməkdə ittiham olunan həyat yoldaşı, 36 yaşlı Əfsanə Qalabəylinin işi üzrə məhkəmə prosesində bir neçə iclasdır ki, qayınatası məhkəməyə çağırılır. Çünki zərərçəkmişin hüquqi varisi məhkəməyə şikayət və tələbi olub-olmaması haqda öz fikrini bildirməlidir. Lakin zərərçəkmiş tərəf məhkəmə prosesi başlayandan bu yana iclasda iştirakdan imtina edib. Telefonla şifahi şəkildə bildirib ki, məhkəməyə gəlmək niyyətində deyil, şikayət və tələbi də yoxdur. Lakin onun nəzərinə çatdırılıb ki, bu, yetərli deyil, çünki bu cür məsələlər rəsmi qaydada olmalıdır. Bu üzdən növbəti dəfə ona məhkəmə bildirişi göndərilərək, çağırılıb.

Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Əfsanə Qalabəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə baxılır. Fevralın 17-də keçirilən məhkəmə iclasında məlum olub ki, yenə də zərərçəkmişin hüquqi varisi məhkəməyə gəlməyib. Ona sonuncu dəfə məhkəmə çağırışı göndərməyə qərar verilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, hüquqi varis istintaq dövründə ərizə verərək, gəlinindən şikayət və tələbi olmadığını göstərib.

Fevralın 17-də məhkəmədə o da məlum olub ki, Əfsanə Qalabəylinin müdafiəsinə daha bir vəkil qoşulub. Vəkil Zibeydə Sadıqova onun hüquqlarını müdafiə edəcək. Müdafiəçi cinayət işinin materiallarıyla tanış olmaq üçün hakimlərdən vaxt istəyib. Ona bir həftə vaxt verilib.

Nurani və Əfsanə Qalabəylilərin birgə nikahdan 4 övladı var. Onları üçü oğlan, biri qızdır.

Əfsanə Qalabəyli ifadəsində bildirib ki, əri illərdir ona əzab verir, döyür, təhqir edir, evə münasibətdə olduğu qadınları gətirməkdən də çəkinmirdi. Bu hərəkətini ona irad tutanda isə evlərində dava düşürdü:

“Biz – mən, uşaqlarım evdə ola-ola evə pozğun qadınları gətirirdi. Bizi bir otağa salırdı. Məni o adamlar üçün əvvəldən yemək bişirməyə, hazırlıq görməyə məcbur edirdi. Deyirdi ki, “qonağım olacaq, hazırlıq gör”. Dəfələrlə uşaqlar da ona irad bildirmişdi. Evdə nə qədər dava, söyüş olar?! Neçə dəfə demişdim ki, uşaqlar böyüyüb, ayıbdır, yığışdır özünü…”.

Təqsirləndirilən şəxsin 13 yaşlı oğlu da məhkəmədə dindirilərkən anasının dediklərini təsdiqləyib.
Həmçinin Nurani Qalabəylinin evə gətirdiyi iddia olunan qadınlardan biri də məhkəmədə dindirilib. O da təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.

Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. Bu maddədə 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSosialHəyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilən məşqçinin atası məhkəməyə gəlmir