Həyat yoldaşı Rəşad Ramazanovla görüşə bilmir

“Rəşadın 15 günlük “karser”ə salındığı deyilir”

Source:


“Rəşadın 15 günlük “karser”ə salındığı deyilir”

Siyasi və vicdan məhbusu Rəşad Ramazanovun həyat yoldaşı Könül Ramazanova onunla görüşə bilmir. Bu barədə Meydan TV-yə Könül Ramazanova məlumat verib.

Onun sözlərinə görə, yanvarın 24-də həyat yoldaşı ilə görüşmək üçün 2 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Onu bir qədər cəzaçəkmə müəssisəsinin qarşısında saxlayandan sonra Rəşad Ramazanovun “karser”ə salındığı deyilib:

“Səbəbini, günahının nə olduğunu izah etmədilər. Bircə onu dedilər ki, 15 gün “karser”də olacaq. Bu müddət ərzində görüşmək də mümkün olmayacaq. İndi evə dönürəm”.

Meydan TV gün ərzində məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlaya bilməyib.

Rəşad Ramazanov 2013-cü il mayın 9-da həbs olunub. Ona qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb.

1982-ci ildə Masallıda anadan olan Rəşad Ramazanov BDU-nun coğrafiya fakültəsini bitirib. Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.

Rəşad Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini hesab edir.

Amnesty International Rəşad Ramazanovu “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərHəyat yoldaşı Rəşad Ramazanovla görüşə bilmir