Həyat yoldaşı: “Həkim Ruslan İzzətlini müayinə etməkdən imtina edib”

Ruslan İzzətli. Foto: Meydan TV

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi şikayətin araşdırıldığını bildirib

Ruslan İzzətlinin səhhəti pisləşib, təcili müayinəyə ehtiyacı yaranıb, amma təcridxananın Rəşad adlı baş həkimi onu müayinə etməkdən imtina edib.

Bu barədə həyat yoldaşı, jurnalist Günel Manaflı məlumat yayıb.

O bildirib ki, Ruslan İzzətlinin ödündə problem olub, həbsdən öncə əməliyyat olunmalı imiş, indi də vəziyyəti pisləşib: “Ruslan İzzətlinin ödünün xəstə olduğunu (əməliyyata ehtiyac var) bildirmişdim. Təcridxanada ağrıları olub. Müayinə olunmaq üçün təcridxananın baş həkimi Rəşad adlı həkimə müraciət edib. O isə qəbul etməyib. Gecələr təzyiqi həddindən artıq yüksək olur. Tibb personalından təzyiqini ölçməsini istəyib. Onlar isə cavabında: “Biz təzyiqi ancaq öləndə gəlib ölçürük”, – deyiblər. Çox güman ki, bu göstərişi də elə Rəşad adlı baş həkim verib”.

Günel Manaflı deyib ki, öddəki fəsad Ruslan İzzətli üçün həyati təhlükə yaradıb.

Başa düşə bilmirəm, baş həkimin işi xəstə olan bir siyasi məhbusu müayinə etməkdir, yoxsa kreslosunda oturub boş-boş işlərlə məşğul olmaq? Bu şəxs kimdir ki, vəzifəsini icra etmir, ağrısı olan, ödü hər an “pristup” verə biləcək, həyati təhlükəsi olan bir adama: “Qəbul etmirəm, müayinə də etmirəm”, – deyir. Ona bu ixtiyarı kim verib? Ruslan İzzətli İkinci Qarabağ müharibəsi veteranıdır. Onun gözü önündə əsgər yoldaşları həlak olub. Elə vaxt da olub ki, o bir yerdə oturub çörək yediyi əsgər yoldaşının hissələrə bölünmüş cəsədini toplayıb tabuta qoyub. Bunları görmüş adamın psixoloji vəziyyətini təsəvvür etmək, yəqin ki, çətin deyil. O evdə olarkən sakitləşdirici dərmanlar qəbul edirdi”, – Günel Manaflı qeyd edib

Onun sözlərinə görə, Ruslan İzzətlinin tələbi Ombudsmanın, həmçinin Ədliyyə Nazirliyi Baş Tibb İdarəsindən gəlib onunla görüşmələri, onu müayinə etmələridir.

Jurnalist məsələ ilə bağlı Ombudsman Aparatı ilə əlaqə saxladığını və onlara durumla bağlı məlumat verdiyini də deyib.

Penitensiar Xidmət məsələyə şərh vermək istəməyib.

Qurumdan bildiriblər ki, bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlanılmalıdır.

Tibb Baş İdarəsinin həkimi İftixar Qurbanov isə Meydan TV-yə deyib ki, Günel Manaflının yazdıqları araşdırılır, nəticəsi ictimaiyyətə açıqlanacaq.

Ana səhifəSiyasətHəyat yoldaşı: “Həkim Ruslan İzzətlini müayinə etməkdən imtina edib”