Aprelin 24-də Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynliyə yeni məzmunda ittiham elan olunub.
Bu barədə Meydan TV-yə açıqlama verən Həsən Hüseynlinin vəkili Elçin Sadıqov bildirdi ki, Cinayət Məcəlləsinin əvvəl irəli sürülən 228.4 maddəsi qalır, amma yeni məzmunda ittiham irəli sürülüb.
Vəkil deyib ki, istintaq ekspert rəyinə əsaslanaraq, Həsən Hüseynlinin istifadə etdiyi aləti – bıçağı soyuq silah sayıb. Ona Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürüblər. Bu ittihamlarla onu 3 ildən 7 ilə həbs gözləyir”.
Elçin Sadıqov ötən gün Həsən Hüseynlinin vəkillərinin iştirakı ilə dindirildiyini dedi: “Həsən müəllim əvvəlki kimi özünü təqsirli saymadı. Güman ki, istintaq gələn həftə yekunlaşacaq”. O, hüquq müdafiəçisinin qanunsuz saxlanması ilə bağlı Gəncənin Nizami Rayon Məhkəməsinə verdikləri şikayətə aprelin 28-də baxılacağını söylədi.
H.Hüseynli Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur. O, martın 31-i Gəncədə saxlanılıb, aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılıb.