Hazırlıq iclasında vəkillərin vəsatəti təmin olunmayıb
Mayın 5-də “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu barədə Meydan TV-yə Həsən Hüseynlinin özü məlumat verib. Onun sözlərinə görə, proses Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə baş tutub.
Hazırlıq iclasında vəkillər və zərərçəkmiş Arzu Qəhrəmanov dinlənilib. Həsən Hüseynlinin vəkilləri Əlayif Həsənov və Elçin Sadıqov vəsatət qaldıraraq məhkəmədə çəkiliş aparılmasına icazə verilməsini, həmçinin işin ibtidai istintaqa qaytarılmasını istəyiblər. Lakin hazırlıq iclasında videoçəkilişə icazə verilməyib.
Zərərçəkən kimi tanınan Arzu Qəhrəmanov isə ona qarşı təzyiqlərin protokola salınmasını tələb edib.
Dövlət ittihamçısı Alesey Abbasov işin ibtidai istintaqa qaytarılmasına dair vəkillərin vəsatətinə qarşı çıxaraq, buna növbəti məhkəmə iclasında baxılmasını istəyib.
Məhkəmə iyunun 13-də, saat 12.00-da başlayacaq. H.Hüseynli Gəncə sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunur. O, martın 31-i Gəncədə saxlanılıb, aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılıb.