Həsən Hüseynlinin işi üzrə istintaq yekunlaşıb

İşə xitam verilməsi ilə bağlı vəsatət rədd edilib

Source:

Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi ilə bağlı istintaq yekunlaşıb.

Şəhər sakini Arzu Qəhrəmanova bıçaqla xəsarət yetirməkdə ittiham olunan Həsən Hüseynli martın 31-i Gəncədə tutulub, aprelin 2-də polis nəzarətinə verilməklə azadlığa buraxılıb. Ona Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil Əlayif Həsənov “Media forum” saytına deyib ki, istintaq işinə xitam verilməsi üçün müstəntiqə vəsatət veriblər, amma bu istək rədd edilib: “Biz hesab edirik ki, işi bəraətverici əsaslarla xitam etmək lazım idi. Həsən Hüseynlinin təqsirli olması üçün yetərincə sübut yoxdur. Həm tutmanın qanunsuz olması, həm sübutların zəif olması əsasları ilə istintaqa xitam verilməsini istədik. Amma müstəntiq bütün bunları rədd etdi. İş məhkəməyə göndəriləcək”.

Vəkil bildirib ki, Gəncənin Nizami Rayon Məhkəməsinin 28 aprel qərarından verilmiş apellyasiya şikayətinə baxılacağı da gözlənir.

Aprelin 28-də Nizami Rayon Məhkəməsi Həsən Hüseynlinin saxlanması zamanı qanunsuzluğa yol verilməsi barədə ərizəni rədd edib. Həmin ərizədə Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinin baş müstəntiqi Füzuli Şıxıyevin hərəkətlərindən də şikayət olunmuşdu.

Ana səhifəXəbərlərHəsən Hüseynlinin işi üzrə istintaq yekunlaşıb