”Hesablama Palatasının büdcə riskləri ilə bağlı rəyi haqlıdır”

Natiq Cəfərli: ”Hökumət son zamanlar arxayınlaşmışdı”

Foto: Hesablama Palatası
Hesablama Palatası
Hesablama Palatası


Natiq Cəfərli: ”Hökumət son zamanlar arxayınlaşmışdı”

“2019-cu il üçün dövlət büdcəsi hazırlanarkən risklər nəzərə alınmayıb” – Hesablama Palatası

Hesablama Palatası 2019-cu ilin dövlət büdcəsi layihəsini təhlil edəndən sonra belə qərara gəlib ki, müəlliflər riskləri nəzərə almayıb.

“Turan” agentliyinin Hesablama Palatasının rəyinə əsasən, yazdığına görə, dövlət büdcəsinin parametrlərini proqnozlaşdırarkən bir ssenari nəzərdə tutulub və bu, büdcə risklərinin qiymətləndirilməsini çətinləşdirir.

“ABŞ valyutasının məzənnəsi yalnız 1.7000 manat səviyyəsində göstərilib. 0,80 manat və ya 2,0 manat olan məzənnə iləmüxtəlif ssenari büdcənin gəlirlər hissəsində mümkün dəyişikliklərin proqnozlaşdırılmasına və dövlət borcu ilə bağlı öhdəliklərin maliyyələşdirilməsi zamanı yaranacaq fərqləri görmək imkanı verərdi”.

Hesablama Palatası başqa bir nümunə kimi neftin qiymətini göstərib. Dövlət büdcəsi layihəsində neftin barrelinin qiyməti 60 dollar səviyyəsində müəyyənləşdirilir. Palatada hesab edirlər ki, digər ssenarilər də göstərilməli idi: nikbin ssenari – 100 dollar və bədbin ssenari – 40 dollar.

“Bu halda dövlət büdcəsinin gəlirlərini proqnozlaşdırarkən büdcə risklərini ətraflı təhlil etmək olardı”.

Hesablama Palatası dövlət zəmanəti borc öhdəlikləri ilə bağlı dövlət büdcəsinin fiskal yükü barədə də qeyd edib.

“Dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin bir hissəsi icra orqanları tərəfindən ödənilməlidir. Belə borcların maliyyələşdirilməsini Təminat Fondu vasitəsilə həyata keçirmək lazım idi. Dövlət borclarının yalnız dövlət büdcəsi hesabına maliyyələşdirilməsi onun üçün ağır fiskal yükə çevrilə bilər”.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə xatırladıb ki, hökumət neft qiymətlərinin büdcədə göstərilməsi və gəlirlərin hesablanması istiqamətində həmişə mühafizəkar xətt götürürdü.

“Çünki may-iyun aylarında büdcəyə əlavə dəyişikliklər artıq gələn vəsaitin təmir-tikinti işlərinə, yaxud investisiya layihələrinə yönəltmək yolunu tuturdu. Hazırkı şəraitdə də mühafizəkar yanaşmanın olacağını ehtimal etmək olardı və hökumətin neftin qiymətini 55 dollardan götürüb, özünü sığortalayacağı gözlənilirdi. Ancaq belə olmadı, neftin qiymətini 60 dollardan götürməyə qərar verdilər ki, büdcə xərclərinin gələn il 3,5 milyarda yaxın artırılması nəzərədə tutulur. Bu xərcləri artırmaq üçün neftin qiymətlərinin daha yüksək götürülməsi lazım gəldi ki, gəlir hissəsində artıq daxilolmalar formalaşsın. Doğrudan da bu məqam müəyyən risklər yaradır”.

Natiq Cəfərli
Natiq Cəfərli

O hesab edir ki, hökumət son zamanlar arxayınlaşmışdı ki, neftin qiyməti daha kəskin arta bilər, hətta 100 dolları keçə biləcəyi barədə məmurlar açıqlama verirdilər.

“Amma son günlərdə neft qiymətlərində növbəti enmələr müşahidə olunur, 1 ay əvvəl 88 dollara qədər bahalaşan neft hazırda 72 dollardır. Digər tərəfdən, ABŞ bugün açıqlama yaydı ki, səkkiz ölkəyə İrandan neft almağa sanksiya tətbiq etməyəcək. Elə İrandan da cəmi səkkiz ölkə neft alır. Deməli, Tehran neftini satmaqda davam edəcək. Bu xəbər neftin qiymətlərində növbəti enmə dalğası gətirdi və proses davamlı ola bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, əgər gələn il neftin qiymətləri büdcədə nəzərdə tutulan həddən aşağı ensə, o zaman büdcənin gəlir hissəsinin formalaşmasında ciddi problemlər yaranacaq.

“Ona görə Hesablama Palatasının rəyi haqlıdır, çünki risklərin artması gəlir hissəsinin azalmasına və büdcənin dəngəli formalaşmasına problem yaradacaq. Belə olacaqsa, hökumət büdcə kəsirinin artırılması yolunu tutacaq, yaxud Neft Fondundan əlavə vəsait götürüləcək. Necə ki, 2015 və 2016-cı illərdə bu vasitəyə əl atdılar”.

Ana səhifəXəbərlər”Hesablama Palatasının büdcə riskləri ilə bağlı rəyi haqlıdır”