Hesablama Palatasının 7 illik sədri dəyişmədi

“Mənə ikinci dəfə göstərilən etimadı doğrultmaq üçün bütün fəaliyyətimi səfərbər edəcəyəm”.

Mənbə: “Azərtac”


Milli Məclis Vüqar Gülməmmədovu yenidən bu vəzifəyə təsdiqlədi

Vüqar Gülməmmədovun növbəti dəfə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisin dekabrın 11-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

"Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" qanun layihəsininin təqdimatı zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək, V.Gülməmmədovun fəaliyyətini müsbət qiymətləndirib.

O qeyd edib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130 milyon manatdan çox vəsait bərpa olunub:

“Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı da nəzərə çarpır və bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun xidmətləri var”.

Müzakirələrdən səsvermə nəticəsində Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

V. Gülməmmədov Prezident İlham Əliyevə, namizədliyini yenidən təqdim edən Milli Məclis sədrinə, habelə bunu təsdiqlədikləri üçün deputatlara təşəkkür edib:

“Mənə ikinci dəfə göstərilən etimadı doğrultmaq üçün bütün fəaliyyətimi səfərbər edəcəyəm”.

O qeyd edib ki, Hesablama Palatasının “2021-ci ilin dövlət büdcəsi” haqqında qanun layihəsinə dair rəyi büdcə Milli Məclisə daxil olduqdan sonra hazırlanacaq.

V.Gülməmmədov 2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir.

Hesablama Palatası dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək və.s funksiyaları həyata keçirir.

Ana səhifəSiyasətHesablama Palatasının 7 illik sədri dəyişmədi