Hesablama Palatası bir neçə qurumla bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası ikinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün maliyyə hesabatlarında əks olunmaması və ya bir hesabat daxilində düzgün əks olunmaması hallarını aid edib.

Source: Specify Source


Vüqar Səfərlinin çoxsaylı əmlaklarına həbs qoyuldu

Hesablama Palatası 2020-ci ildə 3 tədbir üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimal edilməsi, eyni zamanda 1 tədbir üzrə inzibati məsuliyyət yarada biləcəyi səbəbindən aidiyyəti məlumatları Baş Prokurorluğuna göndərib.

Bu qurumlardan biri Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Müraciət büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditi üzrə – vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş, ümumilikdə 16,2 mln. manat məbləğində vəsaiti əhatə edən nöqsanlarla bağlıdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata görə KİVDF-yə 2017-2020-ci illəri əhatə edən dövr üzrə qanunsuz olaraq xərclər smetasından artıq məbləğdə pul vəsaitlərinin xərclənməsi haqqında daxil olmuş müraciətlə bağlı 12 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.1, 308.1-2 və 308.2-4-cü maddələri ilə başlanılmış və istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin mülkiyyətində olan qeyri-yaşayış, torpaq və bağ sahələri, həmçinin fərdi yaşayış evləri, mənzil və avtomobillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulub.


Aqrar Kredit və İnkişaf Agentliyi ilə bağlı 5 halda cinayət tərkibinin əlamətləri müəyyən edlib

Digər qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir.

Müraciət qurumun vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə – ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları ilə bağlı "Para" BOKT ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq edilib.

Hesablama Palatasına daxil olmuş məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para” BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır.

unnamed.jpg
Aqrar Kredit və İnkişaf Agentliyi


AMEA-da 10,4 mln. manat məbləğində debitor borc…

2019-cu ilin iş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib.

Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq, çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyası
AMEA


“Qaçqınkom” barədə də Baş Prokurorluğa müraciət edilib

Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılan yoxlamaların nəticələri ilə bağlı da Baş Prokurorluğa müraciət edib. Pozuntu komitəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq üzrə – malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrədir.


Ən çox pozuntuya yol verən qurumlar

Hesablama Palatası tərəfindən 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələr ümumiləşdirilərək 452 halda nöqsan müəyyən edilib.

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədində bu barədə məlumat verilib.

452 nöqsanın 199-u və yaxud 56,6%-i büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.

Sənədə əsasən, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.

410589630.jpg
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

İkinci yerdə Aqrar Xidmətlər Agentliyi (29 hal), üçüncü yerdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (26) yer alır.

Ən az nöqsan 2 halla Milli Onkologiya Mərkəzində qeydə alınıb. Sonrakı yerləri isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) (3 hal), Milli Məclis (5 hal), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları bölüşür.

2020-ci ildə keçirilmiş nəzarət tədbirlərinin əhatə dairəsi həm məbləğ, həm də mənbələr baxımından əvvəlki illə müqayisədə çox olub. Hesabat ilində audit formasında aparılmış nəzarət tədbirləri ilə ümumilikdə 9 279,1 milyon manat məbləğində vəsait əhatə edilib ki, həmin vəsaitin nəzərəçarpacaq hissəsi 2019-cu ilin payına düşüb.


55,2 milyon manat vəsaitin bərpası ilə bağlı tədbir görülüb

Ötən il dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına dair 101, əsaslı vəsait qoyuluçları üzrə qanunvericiliyin pozulmasına dair 82, vergi və gömrük qanunvericiliyinin pozulmasına dair 34, dövlət əmlakının istifadəsi ilə bağlı qanunvericiliyin pozulmasına dair 20, büdcədənkənar fond, sosial təminat və sosial müdafiə üzrə qanunvericiliyin pozulmasına dair isə 16 nöqsan aşkar edilib.

Palata Kollegiya qərarlarına əsasən pul və natura ifadəsində 55,2 milyon manat vəsaitin bərpası ilə bağlı tədbirlər müəyyən edib.

Həmin məbləğin 51,9 milyon manatı bərpa olunub. Bunun isə 51,1 milyon manatının bərpası pul ifadəsində baş tutub.

Qalan 3,3 manatın, o cümlədən hesabat tərtib edildikdə nəticələrinə baxılmış 5 audit üzrə vəsaitlərin bərpası ilə bağlı həyata keçiriləcək tədbirlər cari ildə diqqətdə saxlanılmaqla məlumatlar növbəti hesabata daxil ediləcək.

Həmin məbləğin 80%-dən çoxu artıq və əsasız ödənilmiş əmək haqqı, müavinət və bu kimi digər sosial ödənişləri əhatə edir ki, bunun da tam olaraq bərpası qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmaqla müəyyən zaman tələb edir.

130,3 milyon manat nöqsanlarla icra edilmiş məbləğin 42,4%-nin bərpası ilə bağlı qərar qəbul edilib və bu məbləğin 94%-nin icrası ötən il təmin olunub.


Maliyyə hesabatları 412,4 milyon manat məbləğində təhrif olunmaqla tərtib olunub

Hesablama Palatası maliyyə hesabatlılığı sahəsində müəyyən edilən nöqsanları iki qrup üzrə müəyyənləşdirib:

1-ci qrupa maliyyə hesabatlarında məlumatların düzgün əks etdirilməməsi halları kimi əhəmiyyətli pozuntular aid edilib. Nəzarət tədbirlərinin nəticələri göstərir ki, maliyyə hesabatları ümumilikdə 412,4 milyon manat məbləğində təhrif olunmaqla tərtib olunub. Bu məbləğlər inventarizasiyanın düzgün qaydada aparılmaması, kreditor və debitor borcların az göstərilməsi və ya ümumiyyətlə göstərilməmiş məbləği nəticəsində formalaşan təhrifləri də özündə saxlayır.

Ümumi məbləğin 14,6 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş debitor borc məbləğindən, 30,3 milyon manatı az göstərilmiş və yaxud göstərilməmiş kreditor borc məbləğindən formalaşıb. Həmçinin 3,2 milyon manat məbləğində amortizasiyanın səhv hesablandığı, 1,4 milyon manat məbləğində inventar və avadanlığın uçotda düzgün əks etdirilmədiyi müəyyən olunub. Maliyyə hesabatlarında düzgün əks etdirilməyən və ya təhrif olunmaqla əks etdirilən məbləğ isə 362,9 milyon manat təşkil edib.

Hesablama Palatası ikinci qrupa mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün maliyyə hesabatlarında əks olunmaması və ya bir hesabat daxilində düzgün əks olunmaması hallarını aid edib. Bu, ümumilikdə 335,4 milyon manat məbləğlə ifadə olunur.


Palata 2020-ci ili mənfəətlə başa vurub

2019-cu ildən 118 min manat zərərlə çıxan Hesablama Palatası 2020-ci ili 71 min manat mənfəətlə başa vurub. Palata 7,438 milyon manat (əvvəlki illə müqayisədə 32,1% çox) gəlir əldə edib ki, bunun da, 7,338 milyon manatı (30,4% çox) qeyri-birja əməliyyatlarından, 100 min manatı (əvvəlki il olmayıb) isə sair əməliyyatdan əldə olunub.

Hesabat dövründə Hesablama Palatasının xərcləri isə 7,367 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,2% çoxdur. O cümlədən qurumun sərf etdiyi materialların dəyəri 2,8 dəfə azalaraq 35 min manat, əmək haqqı və işçilərinə çəkdiyi digər xərclər 37,4% artaraq 6,809 milyon manat, amortizasiya xərcləri 3,8% azalaraq 209 min manat, sair əməliyyat xərcləri isə 34,4% azalaraq 314 min manat olub.

Bu il yanvarın 1-nə Hesablama Palatasının aktivləri 5,723 milyon manat olub ki, bu da illik müqayisədə 11,1% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 29,9% azalaraq 14 min manata düşüb, balans kapitalı (xalis aktivləri) isə 1,3% artaraq 5,709 milyon manata çatıb.

“Hesablama Palatası haqqında” Qanununun tələbinə görə, cinayət tərkibi ehtimal olunan hər bir nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa göndərilməlidir.

Hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəSiyasətHesablama Palatası bir neçə qurumla bağlı Baş Prokurorluğa müraciət edib