”Neftçilərin binasında isti suyun qiyməti 5 dəfə artırılıb”
“SOCAR mənzil növbəsində duran işçiləri üçün ev tikdirib və bunu pulsuz etməyib. İndi də “Azəristiliktəchizat” ASC həmin binaya isti suyun verilməsi haqqını 5 dəfə qaldırıb. Əvvəl 40 qəpik idi, indi olub 1 manat 92 qəpik. Sakinlər bundan narazıdır” – deyir, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı.
M. Qəhrəmanlı bildirir ki, sakinlər iyulun 30-da “Azəristiliktəchizat” ASC-yə gedərək buna etirazlarını bildiriblər:
“Onlar Tarif Şurasının qiymətləri sərbəst tənzimləmə qərarından sonra isti suyun binaya verilməsi haqqının 5 dəfə qaldırmağını düzgün hesab etmirlər. Abonentlərlə iş şöbəsinin rəisi Rafiq müəllim onlara ““Azəriqaz” qiymətləri qaldırıb, biz niyə etməyək? Hələ bu harasıdır, biz qiymətləri 3 manat 15 qəpiyə qaldırmağı planlamışdıq”, – cavabını verib. Abonentlər bildirirlər ki, hər ay onlara isti suya görə 80 – 100 manat borc qəbzi verilir”.
Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 35 D binasının sakinləri də nefçilər və onların ailələridir. Onlar da bir müddət öncə Meydan TV-yə müraciət edərək isti sularının kəsildiyini söyləmişdilər.
Binanın komendantı Məhəmməd Məmmədov deyirdi ki, bina nə qədər “Neftçi” MTK-nın balansında idi, hər şey qaydasındaydı. Elə ki, “Azəristiliktəchizat” qazanxananı təhvil aldı, həmin vaxtdan problemlər başladı:
“Həmin gündən problem içindəyik. Qış vaxtı istiliyi 10 gün gec, 5 gün tez kəsirlər. 2-3 dəfədir ki, bu hadisəni başımıza gətirirlər. “Azəristiliktəchizat” ASC bizdəb isti su üçün pul yığır. Ancaq bunun müqabilində xidmət göstərmir. Çünki “Azəristiliktəchizat” “Azəriqaz”a borcu var. Onu ödəmədiyinə görə də “Azəriqaz” qazanxananı bağlayıb. Biz də bir həftədir qalmışıq isti susuz. Mənzillərdə də nə kombi sistemi, nə da başqa nəsə var. Binanın sakinləri uzun illər neft sahəsində çalışanlardır. Xəstəsi var, yaşlısı var, körpəsi var. Nə edək, hara şikayət edək bilmirik”.
Məhəmməd Məmmədov deyir ki, bununla bağlı dəfələrlə “Azəristiliktəchizat”a müraciət ediblər. Heç bir təsiri olmayıb:
“Sakinlərin borcu yoxdursa, nə haqla onların suyu kəsilməlidir? Anlaşılan deyil. Binada 303 mənzil var. 1000 nəfərdən çox insan yaşayır. Bir həftə ərzində bu qədər insanı susuz qoymaq bilirsiniz nə deməkdir? Yayın günü qalmışıq pis vəziyyətə”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. Onlar qiymət artımını qazın qiymətinin artması ilə əlaqələndiriblər:
“Qazanxanalar qazla işləyir. Qazın da qiyməti qalxıb. Biz də məcbur ona uyğunlaşdırmışıq”.
İyulun 31-də Hesablama Palatası 1 aprel 2015-ci ildən 1 yanvar 2017-ci ilədək “Azəristiliktəchizat” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Palatanın saytında yer alan məlumata görə, “Azəristiliktəchizat” ASC 2015-2016-cı illər istilik mövsümündə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekti istiliklə təmin edib.
Auditlə ümumilikdə 51 mln. 202,7 min manat məbləğində vəsait əhatə olunub.
“Ancaq proqnozlaşdırmalarda əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları nəzərə alınmayıb, ASC-nin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb. Dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb”.
Məlumata görə, “Azəristiliktəchizat” ASC anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verib:
“Qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə tələbatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 kvadratmetr yaşayış sahəsi, 1 kubmetr isidilən həcm və 1 kubmetr isti su) istehsal və satış maya dəyəri müəyyən edilməyib və cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib”.
Palata bildirir ki, “Azəristiliktəchizat” ASC dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verib:
“Xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib. Nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib. Regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib. Kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərin tərkibinə aid edilib”.
Palata ASC-nin gəlir və xərclərini də hesablayıb. 2015-ci ildə smetasının icrasına və maliyyə hesabatına görə, istilik təchizatı xidmətlərinin satışından əldə olunan gəlir 8,109 mln, xərcləri 46 mln. 148,2 min manat olub:
“45 mln. 702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc olub. Maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38 mln. 39,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10 mln. 839,2 min manat, faktiki xərcləri 50 mln. 243,3 min manat (o cümlədən, 49 mln. 699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39 mln. 404,1 min manat olub. 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2 mln. 730,2 min manat artdığı halda, xərclər 4 mln. 95,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artıb, nəticədə dövlət müəssisəsinin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1 mln. 364,9 min manat və ya 3,6 faiz artıb”.
Palata bildirir ki, isidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub:
“Yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 kvadratmetr yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib. Cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68, 2016-cı ildə 11,95 faiz miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6 faiz miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib”.
Hesablamalara görə, cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmayıb. Maliyyə hesabatları və izahlı qeydlər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına tam uyğun tərtib edilib:
“Cəmiyyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi və hesab sahələri üzrə uçotun aparılması barədə prosedurlar hazırlanmayıb. Maliyyə Nazirliyinin təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmayıb. Bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməyib”.