”Hesabatın yayılması Azərbaycan üçün rüsvayçı haldır”

Mütəxəssislər AŞPA-nın tarixində oxşar halın olmadığını deyirlər

Source:
40710


Mütəxəssislər AŞPA-nın tarixində oxşar halın olmadığını deyirlər

Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb.

10 ay davam edən istintaqın hazırladığı

hesabat

219 səhifədən ibarətdir.

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparıb.

İstintaq belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Hesabatla bağlı Meydan TV-nin suallarını cavablandıran araşdırmaçı juranlist Xədicə İsmayıl bildirib ki, Avropa Şurası Parlament Assambleyası istintaq orqanı olmadığından birbaşa hüququ nəticələr olacağına inanmır:

“Sadəcə, hesabatda adı keçən hər bir ölkənin hüquq-mühafizə orqanları özlərinə uyğun hüququ nəticələr çıxardacaq. Bir fakt məlumdur ki, hesabatda adı mənfi mənada keçən, yəni hədiyyələr alan, müxtəlif xidmətlərdən istifadə edən siyasətçilərin karyeraların ciddi zərbə dəyəcək. Artıq Azərbaycanın korrupsiya pulları Parlament Assambleyasında iki nəfərin karyerasına son qoyub, söhbət Karen Ştrenz və Alan Destexdən gedir. Ən azından onu demək olar ki, yaxın aylarda hesabatın ardınca adları mənfi mənada keçən siyasətçilər öz ölkələrində sorğulanacaq”.

Xədicə İsmayıl bildirib ki, hesabat hələ prosesin başlanğıcıdır, davamında daha ciddi nəticələr olacaq.

O, bundan sonra hökumətin Strastburqla münasibətlərində sərt müstəviyə keçməsi ehtimalı barədə deyib ki, istənilən halda Rəsmi Bakı Avropa Şurasından uzaqlaşma siyasətinə keçə bilər:

Xədicə İsmayıl
Xədicə İsmayıl

“Artıq Azərbaycan hökuməti Avropa Şurasının sükutunu pulla almaq praktikasına son qoyacaq. Çünki şurada pulla susmaq məsələsi ifşa olunub və cəzasız qalan hadisə deyil”.

Jurnalist Milli Məclisin deputatı Elxan Süleymanovun “AŞPA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı” açıqlamasına belə reaksiya verib:

“Elxan Süleymanovun özü iflasa uğrayıb. Çünki, o, Parlament Assambleyasında arzuolunmaz şəxsə çevrilib və sonuncu sessiyaya gedə bilmədi. Bu adamı Avropa Şurasında ziyanverici kimi tanıyırlar, heç kim adının onun yanında çəkilməsini istəmir”.

Xədicə İsmayıl Avropa Şurası tarixində oxşar halın olmadığını deyib:

“Düzdür, Pedro Aqramuntun Suriya səfərini misal çəkə bilərik. Amma aprelin 22-də açıqlanan hesabat presidentsiz hadisədir, indiyə qədər belə şey olmamışdı”.

Hazırda hesabatın AŞPA-nin müxtəlif komitələrində bir həftə müzakirə olunacağını söyləyən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bildirib ki, sənəddə olduqca təəccübləndirici və təəssüfləndirici məqamlar yer alıb. Xüsusilə AŞPA deputatlarının Azərbaycanda olduqları zaman rüşvət təklifləri ilə qarşılaşmaları.

Onun fikrincə, hesabatın üzə çıxması Avropa Şurası ilə Azərbaycan arasında yeni mərhələdir:

“Əvvəllər bu cür ifşaedici və münasibətləri təməlindən zədələyən sənədlər yayılmamışdı. Bundan sonra Azərbaycanın şuranın müxtəlif strukturlarında qalması, təmsilçiliyi araşdırılmalıdır. Amma rəsmi Bakı baş verənlərlə bağlı münasibət bildirmək məsuliyyəti daşıyır. Eyni zamanda, Azərbaycanın üzərinə öhdəlik qoyur ki, bundan sonra Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı daha diqqətli və hesabatlı davransın”.

Anar Məmmədli
Anar Məmmədli

Ancaq Anar Məmmədli Azərbaycana hansısa sanksiyalar qoyulacağı barədə fikir bildirməyin çox çətin olduğunu söyləyib:

“Hər halda hesabatın yayılması Azərbaycan üçün rüsvayçı haldır. Çünki şuranın tarixində ilk belə hadisədir ki, Azərbaycanla bağlı belə sənəd ortaya çıxdı”.

Anar Məmmədli deyir ki, rəsmi Bakı Avropa Şurası ilə münasibətlərinə yenidən baxa bilər. Amma Azərbaycan ölkə olaraq Avropaya inteqrasiyadan imtina edə bilməz, bu, dövlətin və xalqın maraqlarına cavab vermir. Hakimiyyətin maraqlarına gəldikdə, bəli, xalqın mənafeyi ilə hakimiyyətin maraqları bəzən üst-üstə düşmür:

“Əgər hakimiyyət Avropa Şurası ilə münasibətləri pisləşdirmək yolunu tutarsa, bu, Azərbaycanın təcrid olunmasına gətirər. Çünki dövlətin regionda və Avropa məkanında üzvü olduğu ən mötəbər qurum Avropa Şurasıdır, şura ilə münasibətlərin pozulması ölkəyə heç də töhfələr vermir. Xüsusilə də bölgədəki son proseslər sübut edir ki, Azərbaycanın şurada qalmasına və özünü müdafiə mexanizmlərində bu vasitələrdən istifadəsi lazımdır.

Ana səhifəXəbərlər”Hesabatın yayılması Azərbaycan üçün rüsvayçı haldır”