Mərkəzi Bank 2018-ci ildə dövlət büdcəsinə köçürmə etməyib
Mərkəzi Bank 2018-ci il üçün maliyyə hesabatını
açıqlayıb
. Məlumata görə, 2016-2017-ci illərdə mənfəəti hesabına 6.6 mlrd. manat dövlət büdcəsinə (əsasən dövlət şirkətlərinin ödənilməyən borclarının qaytarılmasına) köçürən Mərkəzi Bank 2018-ci ildə dövlət büdcəsinə köçürmə etməyib. Səbəb isə artıq mənfəətin olmamasıdır.
İqtisadçı Rövşən Ağayev deyir ki, əvvəlki illərdə MB-nin 6.6 mlrd. manatlıq, böyük məbləğdə mənfəətinin yaranması 2 mənbə hesabına formalaşmışdı:
Devalvasiya nəticəsində valyuta aktivlərinin yenidən qiymətləndirilməsi və Neft Fondundan köçürmələr.
"Təəssüf ki, iqtisadiyyat, bank sektoru bu izafi resursdan inkişaf üçün bəhrələnə bilmədi, səmərəli və şəffaf xərclənməsi ciddi suallar doğuran nəhəng şirkət borcları bu vəsaitləri uddu".
İqtisadçı deyir ki, hesabatda diqqəti çəkən məqamlardan biri Beynəlxalq Banka görə "Aqrarkredit"ə qiymətli kağızların alınması yolu ilə 2015-2016-cı illərdə verilmiş 10 mlrd. manat borcdur:
"Bu kağızlar açıq bazarda alınıb, satıla bilməz. Verilmiş borc Mərkəzi Bankın ümumi aktivlərinin 40 faizini təşkil edir. Razılaşmaya görə, 2040-cı ilədək Mərkəzi Bank qiymətli kağızları geri qaytarmaqla borcunu geri almalıdır. 2017-ci ildə "Aqrarkredit" 512 mln. manatlıq qiymətli kağızı geri almışdı və borcun ümumi məbləği 9.482 mln. manata enmişdi. Hesabatdan görünür ki, 2018-ci ildə hər hansı geri ödəmə olmayıb və borcun məbləği dəyişməz qalıb".
Rövşən Ağayev deyir ki, bu məsələdə qeyri-şəffaflıq ondadır ki, nə Mərkəzi Bank, nə də hökumət borcun 2040-cı ilədək hansı qrafiklə qaytarılmalı olduğunu açıqlamır:
"Hər il hansısa məbləğ geri dönməlidirmi, yoxsa bununla bağlı hər hansı öhdəlik, ümumiyyətlə, yoxdur. Sadəcə son tarix 2040-cı il müəyyən edilib".