Hesabat: Azərbaycanda son 7 ayda ən azı 45 hərbçi həyatını itirib

Foto: Meydan TV

Cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi bildirilir

İyulun 30-da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ilə bağlı hesabat yayıb. Hesabat 2023-cü ilin 7 ayını əhatə edir.

Sənəddə son 7 ayda ən azı 44 hərbçinin həyatını itirdiyi qeyd olunub:

Onlardan 9 nəfəri döyüş (Ermənistan ordusunun gülləsindən və mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir. 4 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 8 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər isə bədbəxt hadisədən vəfat edib”.

Hesabatda cari ildə 17 hərbi qulluqçunun intihar etdiyi qeyd olunub:

7 ayda ölənlərin 28 nəfəri Müdafiə Nazirliyinin, 9-u Dövlət Sərhəd Xidmətinin (SQ), 3-ü Fövqəladə Hallar Nazirliyinin, 2-si Daxili Qoşunların, Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), Ədliyyə Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin hər birindən 1 nəfər həyatını itirib”.

Hesabatda  ölənlərin 25 nəfərinin əsgər, 6-nın zabit, 4-nün MAXHQ, 3 hərbsçinin gizir, 1-nin çavuş, 3-nün isə kursant rütbəsində olduğu bildirilir:

Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov Meydan TV-yə deyib ki, itkilərin sayının artmasına səbəb Silahlı Qüvvələrdəki mənəvi-psixoloji problemlərdir:

“Müharibədən sonra bəlkə də böhran yaşanır. Bununla bağlı güc strukturları bir sıra tədbirlər görməlidirlər. Birincisis maddi-texniki təminat baxımından ciddi addımlar atılmalıdır. Söhbət əsgərlərin sosial şəraitinin yaxşılaşdırılmasından, zabitlərin məvaciblərinin artırılmasından gedir. Son 3-4 ildə Silahlı Qüvvələrdə məvacib artımı olmayıb,çox cüzi artım olub, əvvəllər isə 20-30 faizlik artımlar olurdu. Eyni zamanda, cəbhə xəttində xidmət edən hərbçilərin iki qat məvacibi ləğv olunub. Ona görə bir çox zabitlərdə cəbhə xəttində xidmət etmək həvəsi yoxdur. Digər səbəb isə orduda korrupsiyanın hələ də mövcud olmasıdır. Həmçinin, orduda qohumbazlıq, yerlibazlıq, tanışlıq yenə yer alıb və bunlar zabitlərin karyera məsələlərini həll edir. Nəhayət, orduya vətəndaş nəzarəti hələ də tətbiq olunmayıb. Yalnız jurnalistlərin və QHT sektorunun yox, parlamentin və mülki qurumların nəzarətini deyirəm. Mən daha çox hesabatlılığı və şəffaflığı nəzərdə tuturam. Ümumiyyətlə, orduyla bağlı problemlər intensiv müzakirə mövzusu olmalıdır, ordu yalnız hakimiyyətin inhisarında ola bilməz”.

“Araşdırmalar göstərir ki, hadisələrin bir çoxu Azərbaycan-Ermənistan dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan MR-in sərhəd ərazilərində), eyni zamanda Qarabağ zonasında yerləşən hərbi hissələrdə (Şuşa, Ağdam, Füzuli, Tərtər rayonları ərazisində) baş verib. Bu hərbi hissələrdə ən azı 19 ölüm hadisəsi baş verib. Onlardan azı 12 hadisə intihar hadisəsidir. 15 digər ölüm hadisəsinin hansı ərazidə baş verməsi barəsində rəsmi strukturlar məlumat verməyiblər. Beləliklə, diqqətçəkən məsələlərdən biri, 2023-cü ilin 7 ayı ərzində Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda baş verən 17 intihar hadisəsindən 12-sinin məhz münaqişə bölgəsində yerləşən hərbi hissələrdə baş verməsidir”,-deyə Xəzər Hərbi Tədqiqatlar İnstitutu qeyd edib.

İnstitut bu il 9 hərbçinin müxtəlif səbəblərdən yaralandığını və ya xəsarət aldığını da göstərib:

Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır:

Xüsusilə xeyli sayda hərbi qulluqçunun intihar etməsi faktı (əsasən də ermənilərlə konflikt bölgələrində) strukturları təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir. Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ən azı 4.463 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3582 nəfəri döyüş itkisidir (burada əsas rəqəmlər 2020-ci ilin 44 günlük müharibəsinə aiddir). 881 nəfərsə qeyri-döyüş itkiləridir”.

Monitorinq görə, 2003-2022-ci illərdə illərdə müxtəlif səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayının 13 min nəfərdən artıqdır.

İnstitut monitorinqin informasiyalarının əsasən 3 mənbədən toplanıldığını qeyd edib:

Birincisi, ənənəvi mətbuat, onlayn media və sosial şəbəkələrdə dərc olunan məlumatlar. İkincisi, əsgər ailələrinin özəl məlumatları (məlumatlar birbaşa kanallar vasitəsilə əldə edilir). Üçüncüsü, güc strukturlarında olan özəl mənbələr. Monitorinq prosesi zamanı bütün məlumatlar araşdırılır, bu və digər fakta dair müxtəlif mənbələrlə əlaqə saxlanılır. Lazım olan anda güc strukturlarına sorğular göndərilir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından fəaliyyət göstərir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu 3 Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Hesabatda adları keçən Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin (SQ), Fövqəladə Hallar Nazirliyi və digər orqanlar monitorinin nəticələri barədə açıqlama yaymayıblar.

Ana səhifəSiyasətHesabat: Azərbaycanda son 7 ayda ən azı 45 hərbçi həyatını itirib