“Təqsirsizlik prezumpsiyası ilə bağlı yerli qanunvericilikdə boşluqlar var”
Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Təqsirsizlik Prezumpsiyası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana qarşı qərarlarının icra vəziyyətinə dair” hesabat hazırlayıb.
Hesabatda təqsirsizlik prezumpsiyası anlayışı, təqsirsizlik prezumpsiyasına yerli və beynəlxalq qaunvericilikdə verilən təminatlar, AİHM-nin Azərbaycana qarşı təqsirsizlik prezumpsiyasının pozuntusunu tanıdığı işlərin məzmunu və icra vəziyyəti yer alıb.
Qanunvericilyin monitorinqi nəticəsində müəyyən edilib ki, Azərbaycan qanunvericiliyində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəalar əks olunub. Lakin bunun pozulmasına görə hansı növ məsuliyyət daşınması göstərilməyib.
“Bu, təqsirsizlik prezumpsiyası ilə bağlı yerli qanunvericilikdə olan boşluqlardan biridir”, – hesabatda deyilir.
Hesabat müəllifləri bildirirlər ki, Azərbaycanın da üzv olduğu və təqsirsizlik prezumpsiyasını özündə əks etdirən sənədlərdə təqsirsizlik prezumpsiyasının müdafiəsi beynəlxalq sferada əsas prioritetlərdən biri hesab edilir:
“Məsələn, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (Maddə 11), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (Maddə 14), Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 6.2). Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etdikdən (15 aprel 2002-ci il) bu günə qədər məhkəmə Azərbaycana qarşı 10 işdə 6.2-ci maddənin (təqsirsizlik prezumpsiyasının) pozuntusunu tanıyıb”.
Hesabatda qeyd edilir ki, AİHM dövlət qurumlarının bəyanatlarının təqsirsizlik prezumpsiyasının pozulduğunu, dövlət orqanlarının istifadə etdikləri ifadələrin seçimində ehtiyatın çatışmadığını dəfələrlə qeyd edib:
“Bəzi işlərdə ərizəçinin yüksək ictimai-siyasi nüfuzunun olması faktı dövlət orqanlarından tələb edə bilərdi ki, ictimaiyyəti ona qarşı cinayət ittihamlarından və cinayət prosesinin gedişindən məlumatlı saxlasınlar. Lakin Məhkəmə davamlı olaraq vurğulayıb ki, şəxsin mühakimə olunmasından və konkret cinayətdə təqsirli bilinməsindən əvvəl dövlət rəsmiləri tərəfindən verilən bəyanatlarda ifadələrin seçimi mühüm əhəmiyyət kəsb edir”.
IDI qeyd edir ki, qeyd edilən hər 10 qərardan 8-də müəyyən edilən təzminatlar ərizəçilərə tam ödənilib. Lakin 1 qərarda (“Muradverdiyev Azərbaycana qarşı”) təzminat nəzərdə tutulmayıb. Daha 1 qərarda isə (“Fətullayev Azərbaycana qarşı”) hökumət təzminatın ödənilməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməyib.
“Araşdırılan 10 qərardan sadəcə 2 qərar barəsində hökumət məhkəməyə Fəaliyyət Planı təqdim edib. Hökumət qərarların icrası ilə bağlı əsas diqqəti təzminatın ödənilməsinə yönəltsə də, digər tədbirlərin həyata keçirilməsi arxa plana keçib”, – hesabatda bildirilir.
Müəlliflər qeyd edirlər ki, təkcə qərarların icrası ilə bağlı yox, həm də qərarların icrası mexanizmində müəyyən problemlər var. Məsələn, AİHM qərarları üzrə konkret olaraq məsul bir dövlət qurumu yoxdur. Əslində isə belə bir qurumun yaradılmasına zərurət var:
“Həm də bu qurumun fəaliyyəti ərizəçilər, onların nümayəndələri, bütünlükdə cəmiyyət üçün açıq olmalıdır. Bu iki məsələ yekunda Azərbaycanda təqsirsizlik prezumpsiyasının tam şəkildə həyata keçirilməsinə mane olur. Yekunda məhkəmə tərəfindən çıxarılan qərarların icra olunmamasına gətirib çıxarır”.
Hesabatın yekun nəticələr və zəruri tövsiyələr bölümündə qeyd edilir ki, Avropa Şurasına üzv ölkələrin qərarların icrası ilə bağlı olan 2021-ci il üçün sıralamasında Azərbaycan Respublikası 271 icra edilməmiş qərarla 5-ci yerdədir: “Bu qərarların 222-i təkrarlanan, 49-u isə əsas (aparıcı) işlərdir”.
“Aihmaz.org” saytının məlumatına görə, ölkələr üzrə çıxarılmış ümumi qərarların icrası faizlə hesablandıqda, Azərbaycan icra olunmayan qərarlara görə 1-ci sırada gəlir.
Hesabat müəllifləri hesab edirlər ki, yuxarıda göstərilənlərin əsas səbəbi dövlətin AİHM-in çıxardığı qərarlara etinasız münasibəti, qərarların icrası ilə bağlı vahid mexanizmin olmaması və yerli qanunvericilikdəki boşluqlardır.