Hərracda manat dollar qarşısında dəyər qazandı

Natiq Cəfərli: ”İqtisadi məntiq və göstəricilər 2017-ci ildə dolların 2 manatı keçəcəyini deyir”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə

foto sosial şəbəkə
foto sosial şəbəkə


Natiq Cəfərli: ”İqtisadi məntiq və göstəricilər 2017-ci ildə dolların 2 manatı keçəcəyini deyir”

Martın 14-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7279 səviyyəsində formalaşıb.

Mərkəzi Bank bu gün üçün USD/AZN məzənnəsini 1,7437 səviyyəsində müəyyən edib. Manat dollara nisbətən 0,91 faiz bahalaşıb.

“Banklar dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”

İqtisadçı Natiq Cəfərli manatın bahalaşmasının səbəbinin çox bəsit olduğunu, qısa zamana hesablandığını deyir:

“Mərkəzi Bank manat kütləsini azaldıb. Bu da iqtisadi aktivliyi zəiflədib. Bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir. Novruz bayramlarında İrandan və Ərəb ölkələrindən 20-30 min turistin gəlməsi gözlənilir. Onlardan ucuz dollar almaq istəyirlər. Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər. Onların ən çox gəlir yeri valyuta spekulyasiyalarıdır. Dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”.



Dollar nə zaman ucuzlaşa bilər?

İqtisadçı deyir ki, əslində dolların ucuzlaşmağına sevinməlidir. Amma mütəxəssis kimi bunun nədən baş verməsini anlamağa çalışır ki, insanlara da izah edə bilsin:

“Dollar nə zaman ucuzlaşa bilər? Ölkənin ixracatı, valyuta gəlirləri, daxili istehsal artar, idxaldan asılılıq azalarsa dolların ucuzlaşması normal hal sayılar. Və ya ölkəyə böyük həcmdə valyuta gətirən investorlar təşrif edər, bununla da valyuta ucuzlaşar. Bu amillərin heç biri yoxdur”.

“Manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur”

Natiq Cəfərli baş verənlərin əslində nə anlama gəldiyinə də aydınlıq gətirib:


1) FED faiz artımına gedir, dollar dünyada bahalaşır;


2) Neft qiymətləri kəskin ucuzlaşıb, son 10 gündə 12 faiz dəyər itirib. Avtomatik ölkəmizin gəlirləri azalıb;


3) Ölkədə ilin ilk 2 ayında sənaye istehsalı 4 faiz azalıb, həmin dövrdə inflyasiya 13 faizə çatıb, ərzaq inflyasiyası 16 faiz olub.

Natiq Cəfərli

İqtisadçı bütün bunları nəzərə alaraq bildirir ki, bu gün Azərbaycanda manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur, əksinə, bütün iqtisadi göstəricilərə görə dollar bahalaşmalıdır:

“Yəni, vəziyyəti dərk etdiyimidən, gələcəkdə bu gün atılan addımların daha böyük fəsadlar törədə biləcəyini gördüyümdən, bu gün dolların müvəqqəti və inzibati möhkəmlənməsinə sevinə bilmirəm! Bütün iqtisadi göstəricilər və iqtisadi məntiq 2017-ci ildə dolların 2 manatı keçəcəyini deyir”.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Ötən ay manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Daha sonra yenidən dollar bahalaşmağa başladı. Son hərraclarda isə yenə manat dəyər qazanmağa başlayıb.

Ana səhifəXəbərlərHərracda manat dollar qarşısında dəyər qazandı