Hərəmiz bir terrorçu xilas edək…

Bu dəfə xilaskar rolunda Sahibə Qafarovadır

Source: google


Bu dəfə xilaskar rolunda Sahibə Qafarovadır

Saytlar xəbər yayıb ki, Azərbaycanda əsirlikdə olan livanlı erməni qadın Maral Nacaryan Ermənistana qaytarılıb. Niyə? Çünki onun qaytarılmasını Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Milli Məclisin sədri Sahibə Qafarovadan xahiş edib. Bununla da məsələ həll olunub…

Yadınızdadırsa, Maral Nacaryan əsir düşəndə bizim saytlar onun Livan ermənisi olduğunu və Qarabağa snayper kimi gəldiyini yazmışdı. Ermənilərsə onun ikili vətəndaşlığı olduğunu, yəni həm Livan, həm də Ermənistan vətəndaşı olduğunu, Qarabağa da yaşamaq üçün gəldiyini yazır. Guya avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Maral bacısı ilə Ermənistana gəlib və Qarabağda yaşamaq istədiyini bildirib. Bacıları əvvəlcə Şuşada mehmanxanaya müvəqqəti yerləşdiriblər, daimi yaşayacaqları evi qaydaya salmaq və onları o evə köçürmək müharibə səbəbindən baş tutmayıb. Onlar Gorusa qayıdıb, atəşkəsdən sonra (10 noyabr razılaşması) guya Maral əşyalarını götürmək üçün Şuşaya gələndə əsir düşüb (bəzi erməni mənbələri isə onun Laçında əsir düşdüyünü yazıb. Yalan xəbərdə həmişə variant çox olur – R.H.). Maraqlıdır, 10 noyabrdan Qarabağa soxulan və hər şeyi nəzarətə götürən rus “sülhməramlıları”ndan Maral necə yayına və Şuşaya gələ bilib? Axı heç o torpağın sahiblərinin – azərbaycanlıların xüsusilə həmin günlərdə (elə indi də) sərbəst hərəkəti olmayıb, yəni hər addıma rus nəzarət edib. Rusun nəzarəti altında Şuşaya gəlibsə, o halda bizimkilər Maralı əsir götürə bilməzdi, “sülhməramlı” rus buna imkan verməzdi. Rusun nəzarətindən kənar da Maralın (o, iribuynuzlu heyvan – maral deyil ki, sərhəd tanımasın – R.H.) Qarabağa gəlməsi mümkünsüzdür, çünki o elə guya həmin müharibə səbəbindən Şuşadan Gorusa gedib. Qorxmasaydı, sivil vətəndaş olsaydı, daha niyə gedirdi ki?.. Hə, saytlar həm də yazıb ki, Maral artıq Beyrutda, evindədir. Niyə Beyrut? Axı Maral Beyrutda yaşamaq istəməyib, o üzdən Ermənistana, ordan da Qarabağa gəlib. İndi Qarabağda yaşamaq istəmirsə, qalsın Ermənistanda. Yox, o, savaş üçün gəlmişdi, indi savaş bitib, adam gəldiyi yerə, evinə – Beyruta qayıdıb…

İnandınızmı? Sahibə Qafarova o səlahiyyət yiyəsidirmi? Xeyr. Söz sahibi İlham Əliyevdir, bunu o, çıxışlarında dönə-dönə, həm də yumruğunu düyünləyərək “mən”, mən” deyə-deyə göstərib. Ancaq rəsmi olaraq bu işlər üçün bizdə ayrıca qurum var: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası. 13 iyul 2012-ci ildə yaradılıb. Bu komissiyanın saytında qurumun əsas vəzifələri sadalanır. Onlardan bir neçəsi ilə tanış olaq:

“Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir;

əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir;

hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir”.

Komissiyanın saytında itkin düşmüş şəxslərlə bağlı statistik məlumat da yerləşdirilib.

  1. Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər – 3890 nəfər

a) hərbçilər – 3171 nəfər

b) mülki şəxslər – 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca)

a) kişilər – 3623 nəfər

b) qadınlar – 267 nəfər

  1. Əsir və girovluqdan azad edilmiş şəxslər – 1480 nəfər

a) hərbçilər – 378 nəfər

b) mülki şəxslər – 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)

a) kişilər – 1123 nəfər

b) qadınlar – 357 nəfər

Bu, 01.12.2020-ci il tarixinə olan

məlumatlardır.

Saytın “Xəbərlər” bölməsində sonuncu xəbər 13 fevralda yerləşdirilib. Həmin xəbər 1-ci Qarabağ savaşı zamanı itkin düşən, Azərbaycan vətəndaşlarına məxsus olduğu güman edilən 7 meyidin qalıqlarını ermənilərin bizə Şuşa yaxınlığında təhvil verməsi ilə bağlıdır. İtkin düşən, illərdir yaxınlarının yolunu gözlədiyi hər bir əzizimizlə bağlı nəsə tapılması ailələr üçün təsəllidir. Ancaq niyə bu 30 ildə o qalıqlar bizə verilməyib, ya biz onları niyə tələb etməmişik? Bu gün ermənilər yenə meyid qalıqlarını alver predmetinə çevirir. Bizsə onlara əsir götürdüyümüz terrorçunu, neçə-neçə əsgər və zabitlərimizi öldürən snayperi təhvil veririk…

Yeri gəlmişkən, Livan ermənisi Maral Nacaryanın Ermənistana təhvil verilməsi ilə bağlı bu komissiyanın saytında hər hansı xəbər yoxdur.

Erməni saytlarısa Azərbaycanda 300-ə yaxın erməni əsirin olduğunu yazır. Onların çoxu, bəlkə də, hamısı hərbi əsirlər, Azərbaycanda cinayət törətmiş terrorçulardır. Anlaşılan budur ki, Rusiya bir gün Sahibə Qafarovanın, bir gün Əli Əsədovun, bir gün Əli Nağıyevin, bir gün Vilayət Eyvazovun… bir gün də hansısa “JEK” müdirinin əli ilə sonuncu – 300-cü erməni terrorçusunu da əsirlikdən qurtaracaq. Ancaq Qarabağda – Xocalıda, Kəlbəcərdə, Ağdabanda, Malıbəylidə… əsir düşənlərlə bağlı Rusiyanın hər hansı addımını, o adamların əsirlikdən qurtarılmasına yardımçı olduğunu gördünüzmü? Sonuncu iki nəfər – 7 il erməni əsirliyində qalan Dilqəmlə Şahbazın xilası üçün hansısa bəyanatlar verdimi, vassalı saydığı Ermənistana təzyiq göstərdimi? Bəs bu 30 ildə Rusiya bu gün bizə diktə etdiyi “hamının hamıya” prinsipini nədən şərt kimi Ermənistanın qarşısında qoymadı?! Axı o vətəndaşlarımızın çoxu elə Rusiyanın birbaşa iştirakıyla Ermənistana əsir düşmüşdü. Əsirlərin dəqiq sayı və və saxlanma yeri belə Rusiyaya bəlliydi. Bu gün “qalib” Azərbaycana diktə edilənlər o vaxt nədən “qalib” Ermənistana diktə olunmadı?

2012-ci ildə yaradılan Komissiyanın missiyası aydındı. Göründüyü kimi, bu işlərlə onlar məşğul olmalıdır, ancaq, təəssüf ki, görünən başqa mənzərədir. Bu savaşda, müharibənin yaratdığı problemlərin həllində, əsir və girovlar məsələsində söz sahibi Putin, onun səlahiyyətli nümayəndəsi, ermənilərin qoruyucu mələyi, həm də rəsmisi Rüstəm Muradovdur. Prezidentlər razılığa gəlir, Rüstəm Muradov da Yerevanda təyyarəyə minib uçur Bakıya, burdan erməni əsirləri götürüb təzədən Yerevana qayıdır, ordan da yenə gəlir Azərbaycana – Qarabağa. Qarabağ Azərbaycandır axı…

Sənədlər
Sənəd
IMG_6143.JPG
Sənəd
Ana səhifəXəbərlərHərəmiz bir terrorçu xilas edək…