Hərəkatçı bıçaqlandı

Zərbələrdən biri Fərəməz Novruzoğlunun qolunu kəsib, digəri isə daxili orqanlarını zədələyib

Source:
Fərəməz Novruzoğlu
Fərəməz Novruzoğlu


Zərbələrdən biri Fərəməz Novruzoğlunun qolunu kəsib, digəri isə daxili orqanlarını zədələyib

Milli azadlıq hərəkatının fəallarından və keçmiş jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) gecə saatlarında “Gənclik” metrostansiyası yaxınlığında işlətdiyi mağazada naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Strateq.az yazır ki, F.Novruzoğluna iki bıçaq zərbəsi vurulub: zərbələrdən biri qolunu kəsib, digəri isə böyrək nahiyəsini kürəyi istiqamətində parçalayaraq daxili orqanlarını zədələyib.

Əməliyyatı həyata keçirən həkim Strateq.az-a bildirib ki, böyrəyindən vurulan bıçaq zərbəsi xeyli dərinə işləsə də, artıq F.Novruzoğlunun həyatına olan təhlükə aradan qaldırılıb və o, ciddi həkim nəzarətinə altındadır.

F. Allahverdiyevin oğlu Elçibəy Türkelli bildirib ki, atasını yaralı halda ərazidə xidmət göstərən polis əməkdaşları 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş Semaşko adına xəstəxana) gətiriblər və hazırda əməliyyata alınıb.

F.Novruzoğlu Azərbaycan Milli Azadlıq Hərəkatının ən məşhur isimlərindən sayılır və bu fəaliyyətinə görə o vaxt SSRİ DTK-sı tərəfindən həbs edilərək, məşhur “Lefortovo” həbsxanasında saxlanılan bir neçə azərbaycanlıdan biridir.

F.Novruzoğlu siyasi fəaliyyətinə və mətbuatdakı yazılarına görə Azərbaycanda müstəqillik illərində də dəfələrlə məhkum həyatı yaşamalı olub. Sonuncu dəfə o, 2013-cü ildə həbs olunub, ancaq 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

F. Novruzoğlu Azadlığa çıxandan sonra siyasi və mətbu fəaliyyətinə son qoyaraq, “Gənclik” metrostansiyasına yaxın ərazidə ərzaq mağazasında satıcı işləməyə başlamışdı.

Ana səhifəXəbərlərHərəkatçı bıçaqlandı