“Hərbi xidmətdə barmaqlarımı itirmişəm, əlilliyimi ləğv ediblər”

Foto: Yusif Babazadənin şəxsi arxivindən

Astara sakini: “Şikayətlərim nəticəsiz qalıb, heç bir yerdən müraciətlərimə cavab ala bilmirəm”

“Üç ay hərbi hospitalda yatdım, hərbi həkim komissiyasından bildirdilər ki, sən daha bu ayaqla xidmət edə bilməzsən, komissiyanın rəyi əsasında ordudan tərxis olundum. İki il sənədlərim əlimdə qapıları gəzəndən sonra mənə hərbi əlil kimi 2-ci dərəcəli əlillik təyin olundu. Ancaq bir müddət sonra ləğv edildi. Üç ildir ki, yenə sənədlərim əlimdə, dövlət qurumlarının qapılarında qalmşam”.

Bunu Meydan TV-yə Astaranın Marzəsə kənd sakini Yusif Babazadə deyir.

Yusif Babazadə danışır ki, 2015-ci ildə hərbi xidmətə çağırılıb və Naxçıvanda Sərhəd Qoşunlarında xidmət edib. Xidmətin üçüncü ayında sol ayağının baş barmağında qanqrena başlayıb:

“Mənə verilən hərbi çəkmə ayağımın ölçüsünə uyğun olmadığından barmaqlarım zədələnmişdi. Üç ay ərzində hərbi hissə rəhbərliyinə müraciət etsəm də, uyğun çəkmə verilmədi və baş barmağımda qanqrena başladı. Bir müddət hərbi hissənin tibb məntəqəsində müalicə etməyə çalışdılar. Qanqrena digər barmaqlarıma keçəndə Bakıya – Mərkəzi Hərbi Hospitala göndərdilər. Ancaq artıq gec idi. Barmaqlarımda qanqrena sürətlə irəliləmişdi, baş barmaq amputasiya olundu, digər barmaqları xilas etmək üçün 3 ay hərbi hospitalda yatmalı oldum”.

Foto: Meydan TV

Beləcə, orduya yararsız kimi tərxis olunaraq kəndə qayıdan Yusif Babazadə müalicəni ev şəraitində davam etdirib. Ancaq amputasiyadan xilas olunan barmaqlar iflic qalıb. İki il sonra ona ikinci qrup hərbi əlillik təyin olunub. 2019-cu ilin fevralında əlillik pensiyası kəsilib. O gün – bu gün, Yusif Babazadə pensiyanı bərpa etdirə bilmir:

“İkinci qrup hərbi əlil olmağıma və vəziyyətimin ağır olmasına baxmayaraq, 2019-cu ilin fevralından heç bir səbəb göstərilmədən pensiyam kəsilib. Şikayətlərim nəticəsiz qalıb, heç bir yerdən müraciətlərimə cavab ala bilmirəm. Barmaqlarım iflic olduğundan yerimək qabiliyyətimi itirmişəm. Buna görə əmək fəaliyyətiylə də məşğul ola bilmirəm. İki azyaşlı övladım var. Vəziyyətim çox ağırdır”.

Yusif Babazadəyə DSX Mərkəzi Həkim Komissiyasının verdiyi 23 iyul 2015-ci il tarixli 840 nömrəli Xəstəlik Şəhadətnaməsində xəstəliyi əksini tapıb, xəstəliyi hərbi xidmət dövründə qazandığı qeyd edilib.

Meydan TV müxbiri Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) Astara şöbəsindən məsələyə aydınlıq gətirilməsini istəyib. Şöbədən bildirilib ki, Yusif Babazadəyə əlilliyin ləğv edilməsi ilə bağlı rəsmi məktub göndərilib. Əgər vətəndaşın narazılığı varsa, məhkəməyə müraciət edə bilər. Yusif Babazadəsə deyir, şöbədən ona gələn məktubda əlilliyinin saxta olduğu qeyd edilib.

Elə hüquqşünas Namizəd Səfərov da vətəndaşla TSEK arasındakı mübahisəli məsələnin hüquqi müstəvidə həllini mümkün hesab edir: “Rəsmi imtina cavabı aldıqdan sonra Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsiylə məhkəməyə müraciət etməlidir. Əlilliyin təyinatı zamanı təqdim olunmuş sənədləri də əlavə etməlidir”.

Ana səhifəBölgə“Hərbi xidmətdə barmaqlarımı itirmişəm, əlilliyimi ləğv ediblər”