Hərbi vəziyyətdə mitinqlər və seçkilər ləğv olunacaq

Fazil Mustafa: ”Bəlkə 10 il müharibə gedəcək, o halda seçki keçirilməyəcək?”

Source:
Milli Məclis


Fazil Mustafa: ”Bəlkə 10 il müharibə gedəcək, o halda seçki keçirilməyəcək?”

Milli Məclisdə yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirə edilib. Layihə barədə Milli Məclisin I vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Meydan TV-nin məlumatına görə, hazırda qüvvədə olan “Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə) qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir. Layihədə göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Bu müddətin 48 saata endirilməsi təklif olunur.

 Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır. Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən başqa yerlərə köçməməsi və digər məsələlər də layihədə əksini tapıb.



Hərbi vəziyyətdə KİV-ə senzura tətbiq ediləcək

 Yeni layihədə hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda, onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur. Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

 Qanun layihəsində həmçinin qeyd olunur ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura – kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.



Mitinqlər qadağan ediləcək

Qanun layihəsinə görə, hərbi vəziyyət rejimin tətbiqi zamanı yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması nəzərdə tutulur. Yeni qanun layihəsinə görə, Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, ölkəyə qarşı real silahlı hücum təhlükəsi yarandıqda və Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda, hərbi vəziyyət elan edilir. Sənəddə o da göstərilir ki, Azərbaycana qarşı təcavüz törədən, yaxud ölkənin müdafiə maraqlarına, təhlükəsizliyinə real təhlükə yaradan dövlətin və ya dövlətlərin ölkədəki vətəndaşları hərbi vəziyyət şəraitində interne ediləcək. Layihədə həmçinin bildirilir ki, hərbi vəziyyət elan edildikdə, müvafiq icra hakimiyyəti orqanı “Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya uyğun olaraq 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır.



Hərbi vəziyyətdə seçkilər keçirilməyəcək

Qanunun 13-cü maddəsinə əsasən, hərbi vəziyyət dövründə referendumun, seçkilərin və ya yerli rəy sorğusunun keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 (üç) ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.

 Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, yerli özünüidarə orqanlarının üzvlərinin seçkilərinin keçirilməsi mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirirlər.

Hərbi vəziyyət elan olunmazdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu hərbi vəziyyət ləğv edilənədək təxirə salınır.



Fazil Mustafa: “Bəlkə 10 il müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”

Müzakirədə çıxış edən deputat Fazil Mustafa bir sıra məqamlara etirazını bildirib və düzəliş istəyib. O, layihədə nəzərdə tutulan hərbi vəziyyət şəraitində seçkilərin təxirə salınması ilə bağlı müddəa ilə bağlı narazılığını bildirib:

Fazil Mustafa

 “Bəlkə 10 il müharibə gedəcək, hərbi rejim davam edəcək, o halda seçki keçirilməyəcək?”

 Deputat bundan başqa, ölkədə hərbi rejim zamanı tətbiq olunan senzura ilə bağlı da yumşaldılmalara zərurət olduğunu deyib.

Fazil Mustafa həmçinin qanun layihəsində “faktiki işğal olunduqda” ifadəsinə də etirazını bildirib:

“Məgər virtual işğal da olur? İşğal işğaldır da!”

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə F. Mustafanın iradları ilə razılaşmayıb, bütün düzəlişlərdə Konstitusiyaya istinad edildiyini, bütün məsələlərin hüquqi cəhətdən nəzərə alındığını bildirib. “Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada belə qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda!” Ardı da var. Fazil bəy, başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Ana səhifəXəbərlərHərbi vəziyyətdə mitinqlər və seçkilər ləğv olunacaq