Hərbi Prokurorluq: İtkin düşmüş 24 hərbi qulluqçunun axtarışı davam etdirilir

“İndiyə qədər ümumilikdə 2 889 hərbçinin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub”

Source: xalq.biz


“İndiyə qədər ümumilikdə 2 889 hərbçinin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub”

"II Qarabağ müharibəsində itkin düşən 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır".

Məlumatı Azərbaycan Hərbi Prokurorluğu yayıb.

Qeyd olunub ki, indiyə qədər ümumilikdə 2 889 hərbçinin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən edilib:

"Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib".

Hərbi Prokurorluq Murov dağı silsiləsində əlverişli təbii şəraitin imkan verənə qədər axtarışların təxirə salındığını qeyd edib.

Bildirilib ki, 2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusu itkin düşüb:

"Ötən dövrdə şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşən 362 nəfər hərbi qulluqçunun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib. Şəhidlərin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib".

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayımlanıb.

Ana səhifəSosialHərbi Prokurorluq: İtkin düşmüş 24 hərbi qulluqçunun axtarışı davam etdirilir