Hərbi Prokurorluq əsgərin işgəncələrdən ölmədiyini deyir

Valideyn: ”Əgər heç kim ona heç nə eləməyibsə, bəs bu xəsarət izlərini kim yaradıb?!”

Source:


Valideyn: ”Əgər heç kim ona heç nə eləməyibsə, bəs bu xəsarət izlərini kim yaradıb?!”

Azərbaycanın Hərbi Prokurorluğu əsgər Pərviz Paşayevin ölümü faktına görə açıqlama yayıb.

Prokurorluq bildirib ki, 30 iyulda əsgər Paşayev xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb. Onların üzərinə böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlu həbs edilib. O, Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunaraq barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

“Mərhum əsgər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub”- Hərbi Prokurorluq bildirib.

Məlumatda qeyd olunub ki, mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb.

Mərhum əsgərin atası Paşa Paşayev Meydan TV-yə bildirib ki, Hərbi Prokurorluğun dedikləri ilə razılaşmır. “Ölümündən qabaq oğlumun üzərində xəsarət izləri olub. Boynunda boğulma izi, dizində qırmızı ləkələr, əlində cırmaq yerləri var. Biz “morq”-da bunun şəkillərini çəkmişik. Əgər heç kim ona heç nə eləməyibsə, bəs bu xəsarət izlərini kim yaradıb?!”

Valideyn istintaqın gedişindən narazıdır. P.Paşayev hərbi hissədə dava düşmədiyi ilə bağlı prokurorluğun açıqlaması ilə də razı deyil. O deyir ki, oğlunun ölüm işində həbs olunan gizir Ramin Bayramovun valideynləri onun evinə gələrək Pərviz Paşayevin ölümündən sonra da hərbi hissədə dava düşdüyünü deyiblər. “Bu danışığın səs yazısı da var, bunu  onlara təqdim edə bilərəm”.

Meydan TV-də yayımlanan video materialda valideyn Paşa Paşayev oğlunun ölümündən əvvəl hərbi hissədə qrup davasının düşdüyünü deyib. O ehtimal edir ki, oğlu bu qruplaşmalardan birində iştirak edib və buna görə də ondan qisas alınaraq öldürülüb.  Valideyn oğlunun üzərində işgəncə izləri aşkarladığını da əlavə edib.

Pərviz Paşayev hərbi xidmətinin 9-cu ayında, 30 iyulda Beyləqanda yerləşən hərbi hissədə vəfat edib.

Ana səhifəXəbərlərHərbi Prokurorluq əsgərin işgəncələrdən ölmədiyini deyir