Hərbi hissədə əsgər vəfat edib

Əsgərin atası: “Müddətdən artıq xidmət etmək də istəyirdi”

Source:
Fəhmin Mehdiyev
Fəhmin Mehdiyev


Əsgərin atası: “Müddətdən artıq xidmət etmək də istəyirdi”

Sabirabad rayonunun Ulacalı kənd sakini Fəhmin Daşqın oğlu Mehdiyevin xidmət etdiyi hərbi hissədə vəfat etdiyi bildirilir.

Bu barədə əsgərin yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Onlar Fəhmin Mehdiyevin qıcolmadan öldüyünü deyirlər.

Meydan TV məlumatı dəqiqləşdirmək üçün əsgərin ailəsi ilə əlaqə saxlayıb. Atası Daşqın Mehdiyev məlumatı təsdiqləyib. Oğlunun bu gün səhər saatlarında doğulub-böyüdüyü kənddə dəfn edildiyini söyləyib:

“Oğlum ali təhsilli idi. Xidməti bir il keçəcəkdi. Əsgərliyinin bitməsinə isə cəmi 5 ay qalmışdı. Dedilər, təlim zamanı dünyasını dəyişib. Qaçırmış, hər şey qaydasında imiş, birdən özündən gedib, yıxılıb, ürəyi dayanıb, vəfat edib”.

Ata oğlunun daha öncə ürəyindən şikayətinin olmadığını da söyləyib.

Onun sözlərinə görə, hərbi xidmətə getməzdən öncə də yoxlanmışdı, problem çıxmamışdı:

“Görünür problem son vaxtlar yaranıb. Özünün, bizim də xəbərimiz olmayıb. Ola bilər ki, narahatçılığı olubsa da, bizdən gizlədib, deməyib. Bir sözlə, problem ürəyində olub”.

Fəhmin Mehdiyevin hərbi hissədən hər hansı şikayətinin olub-olmadığına gəlincə, atası oğlunun hər şeydən razı olduğunu söyləyib:

“Heç bir şikayəti yox idi. Əksinə, razılıq edirdi. Hətta qalıb, müddətdən artıq xidmət etmək də istəyirdi. Qismət olmadı”.

Meydan TV Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu vəfat edib. Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir. Məlumatı “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu kütləvi və elektron informasiya vasitələrinə istinadən

yayıb

.

Həmin dövrdə 17 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi erməni gülləsindən, 5 nəfər isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində, 1 nəfər intihara cəhd edib. 3 nəfərin xəsarət almasının səbəbələri isə açıqlanmayıb.

Ana səhifəXəbərlərHərbi hissədə əsgər vəfat edib