Hərbi əlil: Pensiyamı bərpa etməsələr, vətəndaşlıqdan imtina edəcəyəm

“Sahil Babayevin qəbuluna düşə bilmirəm”

Source: Meydan Tv


“Sahil Babayevin qəbuluna düşə bilmirəm”

Bu gün, iyunun 8-də Respublika Əlillərin Bərpa Mərkəzinə qəbula gəlmiş vətəndaşlar problemlərindən danışıblar.

Onlardan çoxu illərdir aldıqları əlillik pensiyalarının kəsildiyindən narazılıq ediblər. Şikayətçilərdən Sabirabad rayonundan olan Nüşabə Əhmədova qəbula qardaşını da gətirib.

Qadın deyir ki, qardaşı illərdir xəstədir, 1989-cu ildə Ukraynanın Kiyev şəhərində əsgərlik zamanı zədə alıb və psixoloji problemləri yaranıb: “O vaxtdan bəri əlillik pensiyası alır. 6 aydır ki, onun pensiyası kəsilib və biz qalmışıq küçələrdə. İşin-gücün bol vaxtı biz küçələrdəyik, qəbula düşmək zülmdür. Vaxtında saxta əlillik dərəcəsi təyin ediblər. İndi saxtanı əsldən ayıra bilmirlər. Bu, bizim günahımız deyil axı“.

Nüşabə Əhmədovanın sözlərinə görə, günahı əvvəlki məmurların üstünə atırlar: “Guya təzə gələn yaxşıdır ki? Qardaşım xəstə adamdır və aylardır pensiya almır. Özü də elə xəstəliyinə görə ailəsi də atıb gedib, tək yaşayır. Hamımız da kasıbçılıqla dolayırıq. Hərəmiz bir az kömək etdik, daha alınmır. Onu kim dolandırmalıdır? Faktiki onun əlilliyi saxta deyil və sağala da bilməz. Sənədlərinə baxın, sonra qərar verin. İnsanın pensiyasını 5 gün, 10 gün kəsib, nələrisə araşdırmaq olar, bu, daha 6 ay olmamalıdır da. O daimi psixiatrop dərmanlar qəbul etməlidir, nə ilə alsın?”

Qəbula gələnlərdən biri də Cavid Zərbəliyevdir.

Dediyinə görə, illərdir dəri xəstəliyindən əziyyət çəkir və buna görə 20 ildir pensiya alır, amma aylardır pensiyasını kəsiblər: “Soruşan yoxdur e nə ilə dolanırsan? Dünəndən qəbula girməyə çalışıram. Hələ növbəm çatmayıb. Sizə dünən gördüyüm bir mənzərədən də danışım. Bir qadın gəlmişdi. Canlı meyit idi. Onun da pensiyasını kəsiblər ki, sənə düşmür. Sahil Babayev nə etmək istəyir? Fikri nədir? Mən də artıq bilmirəm nə edim. Düşünür ki, bizim pulumuzu yeyə biləcək? Mən pensiyamı istəyirəm. İllərdir ikinci qrup əlilliyim var və heç yerdə də işləyə bilmirəm. Mənə deyirlər ki, bu xəstəliklə sənə əlillik düşmür. Bəs 20 ildir necə düşürdü?”

Minayə Cəfərova Gədəbəydən gəlib. Onkoloji xəstədir. Deməsinə görə, bir il yarımdan artıqdır ki, get-gəldədir, ancaq pensiyası düzəlmir: “Deyirlər ki, bu ayın 5-dən həll olacaq. Gedirəm, gözləyirəm-gözləyirəm, heç nə olmur. Mən dərmanlarımı ala bilmirəm, həkimə getmək istəyirəm, yolpulu tapmıram. Nə edim, necə yaşayım, bilmirəm”.

Daha bir şikayətçi isə bura 8 aydır ki, gedib-gəldiyini, kəsilən pensiyasının bərpa ediməsiyini söyləyir: “Avtobusa minib gəlməyə pul tapmıram. Dərmanlarımı ala bilmirəm. Dəfələrlə gəlib yoxlanıram. Deyirlər ki, get bir həftədən sonra gəl. Həmin həftələr bitmir. Bəs bu müddət ərzində mən nə yeyim, necə dolanım?”

Narazılardan Novruz Quliyevin 74 yaşı var. Hərbi əlil olduğunu söyləyir və eyni zamanda, onkoloji xəstəliyi olduğunu deyir: “İllərdir birinci qrup hərbi əliləm. Prezidentdən tələb edirəm ki, mənim pensiyamı bərpa etsin. Tənha yaşayıram, gözlərim görmür, onkoloji xəstəyəm. Özü də it yaşamayan bir yerdə yaşayıram. Yenə pensiya ilə birtəhər dolanırdım. İndi onu da kəsiblər və bərpası üçün küçələrdə qalmışam, süründürürlər”.

Şikayətçi bildirib ki, əgər bu dəfə də onun şikayətinə baxılmasa, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət edəcək və ona vətəndaşlıq verilməsini istəyəcək: “Azərbaycan vətəndaşlığından imtina edəcəyəm. Onu da deyim ki, bu halların günahı prezidentdədir. Ölkənin sahibi odur və baş verənlər onu günahıdır. Səlim Müslümovun 4 dəfə qəbulunda olmuşam. İndi təzə nazirin qəbuluna da düşə bilmirəm. Onu da prezident təyin edib. İlham Əliyevin atası kitab yazıb, deyir ki, əlilliyi olan adamları incitməyin, hər ay pulunu verin. Ona görə də ona rəhmət düşür, amma İlham Əliyev öləndə ona rəhmət düşməyəcək, ayıbdır, bəsdir daha”.

Masallıdan gələn şikayətçi isə bildirir ki, yataq xəstəsi olan həyat yoldaşının əlillik pensiyası kəsilib, halbuki onlara onun xəstəliyinin də, əlilliyinin də ömürlük olduğu bildirilmişdi. Sonradan baş həkimi də həbs etdilər, ancaq əlillik bərpa edilməyib, aylardır pensiya ala bilmirlər.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov da ərazidə olub. Şikayətçilərin problemlərinin və şikayətlərinin araşdırılacağını bildirib: “Pensiya kəsilmir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq 5 il müddətli uzadılmışdı. İndi baxılması üçün müvəqqəti dayandırıla bilər. İndi mən bu vətəndaşların şikayətlərini araşdıracam. Burda bir neçə gün əvvəl saxta əlilliyi olan vətəndaş bizim ekspert xanımımıza hücum etmişdi”.

Tural Qurbanov onu da bildirib ki, son 3 ildə 17 mindən çox saxta əlillik müəyyən edilib, sistemdən çıxarılıb. Məqsədləri əsassız əlilliyi olan şəxsləri müəyyən etmək, onlar əsl əlilliyi olan şəxslərin haqqına girməsini təmin etməkdir: “Çalışırıq problemləri həll edək”.

Vətəndaşlar isə bildirirlər ki, bu təyin edilən yeni meyarlar Azərbaycan üçün deyil. Çünki qəbula düşmək mümkün olmur: “O qaydalar Avropa ölkələrinə, demokratik cəmiyyətlər üçün ola bilər. Bizdə mümkün deyil, işləmir. Yoxlanmalıyıq, gəlirik, günlərlə növbələrdə gözləməli oluruq”.

Ana səhifəXəbərlərHərbi əlil: Pensiyamı bərpa etməsələr, vətəndaşlıqdan imtina edəcəyəm