”Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar”

Siyavuş Novruzov: “Bunlar hamısı təxribatdır”

Source:
Milli Məclis
Milli Məclis

“Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində edilən dəyişiklik bəzi media orqanları tərəfindən yanlış təqdim edilib”.

Bunu dekabrın 15-də Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir:

“Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Amerikada yaşayan Sevinc Osmanqızı isə şayiə yayır ki, Azərbaycanda martın ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır. Bu, təxribatdır və o, təxribatla məşğuldur”.

S. Novruzov qanunda prezident seçkilərinin fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabrın üçüncü həftəsinin üçüncü günündə keçirildiyini deyib:

“Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün, Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar. Biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik” – deyə, S. Novruzov bildirib”.

Deputat Vahid Əhmədov deyib ki, Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına İntizam Komissiyası baxacaq və müəyyən qərar qəbul edəcək.

“Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Yəni bizim taleyimiz faktiki olaraq öz əlimizdədir. Ona görə də İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif edirəm. Komissiyanın tərkibi genişləndirilsin. Komissiyanın tərkibinə ləyaqətli insanlar cəlb olunsun. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”.

Siyavuş Novruzovun çıxışı zamanı bəzi şəxslərin vaxtından əvvəl prezident seçkiləri keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə deputat Zahid Oruc sərt reaksiya verib. O deyib ki, kimin bu dövlət qarşısında xidmət göstərdiyi göz qarşısındadır.

“Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur”.

İntizam Komissiyasının yenidən formalaşdırılması barəsindəki təkliflərə toxunan Z.Oruc deyib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir. “İntizam Komissiyasının üzvləri harda ixtisaslaşırlar?” .

Z.Oruc əlavə edib ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrumetmə nümunəsi yoxdur. Spiker Oqtay Əsədov isə Zahid Oruca sərt reaksiya verib.

“Zahid Oruc, birincisi, de görüm sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Seçki Məcəlləsinə ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilir. Dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır. Dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsi də nəzərdə tutulub. Belə ki, deputatın etik davranış qaydalarını kobud şəkildə pozması və səsvermə hüququnu başqasına verməsi hallarında da MSK-nın mandatdan məhrumetmə funksiyası olacaq. Deputatın mandatdan məhrum edilməsi barədə qərar qəbul olunubsa, ancaq qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz.

Ana səhifəXəbərlər”Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar”