Nazirin qardaşını aldatmaqda təqsirləndirilən şəxsin məhkəməsi davam edir
İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əlikram Camalov ifadə verib. Ə. Camalov S.Nəbiyevi tanıdığını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu söyləyib. Bildirib ki, bir neçə il əvvəl Samir Nəbiyevə məxsus elektrik mağazasından alış-veriş edən zaman tanış olublar:
“O, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını söylədi. Bildirdi ki, daha çox mal almaq istəyir, lakin pulu çatmır. Mən də kömək üçün pul verdim. Samir dedi ki, ayda mənə 2 min manat pul qaytaracaq, mən də razılaşdım. Lakin birinci ay işlərin yaxşı getmədiyini bəhanə edib 1500 manat, ikinci ay isə 1250 manat verdi. Daha sonra isə pulu verməkdən imtina elədi. Bir müddət məndən qaçıb gizləndi. Sonradan mağazasına gedəndə gördük ki, artıq mağaza bağlanıb. O zaman aldadıldığımı anladım. Onun mənə 18 min dollar borcu qalıb. Tələb edirəm ki, pulumu qaytarsın. İmkanı yoxdur 10 min qaytarsın, bağışlayım. Mən ona borc vermişdim. Mənim qazanc niyyətim yox idi. Hər ay pulu qaytarsaydı, şikayət etməzdim”.
Məhkəmə iclası iyulun 12-də davam edəcək.
İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.
S.Nəbiyev Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham olunur.